21 Kasım 2024

Görürəm arabir gileylənirsən,

Deyirsən, kasıbıq, eh, nəyimiz var?

Gülüm, səni necə inandırım mən,

Ürəyi dolunun evi boş olar.

.

Hamıya bir baxmaz taleyin gözü,

Kimi şirə çəkər, kimi qəm çəkər.

Sən dağlar qızısan, axı, əzizim,

Dağların zirvəsi daim nəm çəkər.

.

Demə boş xəyaldı bu dediklərim,

Az-çox baş tapıram dünya işindən.

Bilsəm ürəyində üşüyür yerim,

Heç zaman bu evə qayıtmaram mən.

.

***

.

Bu dünyanın axırına inandım,

Əzəlini gülə-gülə yaşadım.

Yaş keçəndə daşa dəydi inadım,

Korun-korun, gilə-gilə yaşadım.

.

Sən əylənmə, aylı dağda qar azdı,

Mənim yolum Həkəridi, Arazdı.

Görən yazan taleyimə nə yazdı?

Göz yaşımı silə-silə yaşadım.

.

Babam dedi: – Ulusun var, elin var,

Nənəm dedi: – Danışmağa dilin var.

Mən fağırın qabağında ölüm var,

Ölümümü bilə-bilə yaşadım.

.

***

.

Dünya, sənin anan ölsün,

Bic oğlu bic dünyasanmış.

Heyif mənim göz yaşıma,

Sən ki, gülünc dünyasanmış.

.

Çırpındım, uça bilmədim,

Barından keçə bilmədim.

Elə qapıların oldu,

Qılıqsız aça bilmədim,

.

Anan ölsün, gidi dünya!

Səni deyib gələnə bax,

Gəlir ağlaya-ağlaya.

Səndən dönüb ölənə bax,

Ölür ağlaya-ağlaya.

.

Bu necə hərəkətdi, dünya

Bu zəmini kim becərdi?

Kim yedi, tükətdi, dünya?..

Bundan anrı ucalım yox,

Dayanmağa macalım yox,

.

Yüz dəfə öldüm, dirildim,

Mənən Adəməm, acalım yox,

Əyil səndən keçim, dünya!

.

***

.

İranda bizi qırırlar

 ( qəzetlərdən)

.

Mancanaqdan üzübəri daşlar qopur,

Çiynimizdən dəli başlar.

Kiriş çəkirlər anamızın tellərindən,

Öldürürlər orda bizi,

Yandırırlar evimizi,

Balamızın baş tasında şərab içib məst olurlar.

Süfrəmizdə çörək kəsib qanlımızla dost

Olurlar. Cümhuriyyət

Deyənlərin gözündəki eyham sarı,

Ekranlarda bilinməyir qayırmadı saqqalları.

Dinsən, barı,

Sinəndəki daşdı, ürək?

Danışmağa dilin yoxdu heç olmasa

Mələ görək…

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir