TƏBRİZ ÖZ RƏNGİNDƏ DEYİL
34 il öncə
Torpaqlarından sürgün düşən uşaqlar
Vətənə qayıdırlar…
Sol əllərində bayraq
Sağ əllərində sevgi.
Boz rəngində ağ-qara aparatlarda gördüyüm kimi…
Açıram xəritəni üzərinə masanın…
Axtarıram Qarabağı…
Düşüb adına qan,
Qan axıb aşırıb məftilləri
Axıb Təbrizə qədər.
Araz, Qırmızı dənizinə bənzəyir.
Xəzərin nefti ilə Qarabağdan axan qan
Qarışıb bir-birinə, Qarabağın rənginə bənzəmir
Bənzəyir qara bağrımın rənginə…
Diktator deyiləm amma
Xəritəni cırmağım gəlir,
Yenidən bir xəritə
Yenidən həyat,
Yenidən vətən
Dünyanı yenidən yaratmağım gəlir…
Uzaqdan bir səs eşidirəm, yaxınlaşır…
Beynimin içində çalınır zəng.
Yuxuma bu dəfə halal qatılır:
– Alo… Gecədən küçədəyik
Gözlərimiz aydın, Qarabağ bizimdir!
Özümü atsam da küçəyə sevincimdən,
Bağırsam da belə
Küçəni, xiyabanı, məhəlləni,
Təbrizi ağ-qara görürəm
Köhnə aparatlardakı kimi…
**
LAMPADA YANAN QARANLIQ
Buzun üstünə basa-basa rezin dabanlı ayaqqabımı,
Evə girirəm…
Silkələyirəm başıma yağan xatirələri,
Qarderobdan asıram “MƏN”-i
Neçə “MƏN”-lərin kənarından…
Otağın lampalarını yandırıram,
Yandırıram qaranlıqları…
Lampaları yandırardım
Gecələr gözlüyünü tapa bilməyəndə anam,
“İşıqlığa çıxasan” deyərdi…
Anam illərcə gözlüyünü
İşıqlıqda tapmışdı
Mən isə işıqlığı gələcəyin
Qaranlıq vadilərində axtarıram hələ də…
Baxın!
Dünyanı gözlüyü ilə işıqlandıranın oğlu,
Otağını bir lampa ilə işıqlandıra bilmir…
*
ƏKSİ-NÖQTƏ
360 dərəcə fırlanır saat
Sən 12 saat deyirsən buna!
Neçə 360 dərəcələr keçdi?
Gör neçə?
Görmürsən, yoxsan!
Ay On iki dəfə dolanıb dünyanın başına sən gedəndən!
Bəlkə də ayın başına dolanıb dünya…
On iki min dəfə məzarının başına dolandığım kimi.
On iki min dəfə işıq alarkən qara daşı məzarının.
Bəlkə də ay,
İşıq alarkən məzarının daşındakı
Gülərüzlü fotoşəklindən.
Hər nə 360 dərəcə fırlanır,
Fırlanır içim, yumuram gözlərimi.
Açıram gözlərimi, –
Səsin fırlanır…