21 Kasım 2024

******

Bir boşluq içindəyəm…
buralarda hava yox..
üşüsən də it kimi..
qızınmağa soba yox..
Bir boşluq içindəyəm.
hər bir şeydən küsmüşəm
ətrafda hər şey yaxşı
mən hər şeydən pismişəm…
bunu təzə bilmişəm…
Nə qədər satılmışam..
heç kim məni bəyənmir.
Sözlər qalır içimdə..
söz var, adam deyəmmir
Əlim də boş qalıbdı,
İçim kimi.. tamam boş..
nədən belə məst oldum
sərxoş oldum içməmiş..
bu geniş dünya birdən
bu boşluqda dar olur
ALLAH bu nə səssizlik
qulaq burda kar olur..!
Bəlkə artıq dəliyəm…
bəlkə bir qapı açım..
Bu boşluğun əlindən
bəlkə çığırıb qaçım..
Amma hara…haraya?
dünyanın hər bir yeri
sənsiz mənə boş gəlir
Sənsiz ölümü dadmaq,
boş dünyadan xoş gəlir..
Bir boşluq içindəyəm…
buralarda hava yox,
üşüsən də it kimi
qızışmağa soba yox

***

Dənizimi aldılar…çıxıb gedirsən sən də !
Hərdən yada salarsan…hərdən yeri düşəndə..
Çətin ki sag tapasan məni, geri dönəndə!
Hərdən yada salarsan..
.hərdən yeri düşəndə ..

Deyərsən biri vardı ..nağıla inanardı..
başında ildırımlar ,
gözləri də yagışlı..
hamıdan küsdüyümdə o, könlümü alardı..
Yaşı əllini ötmüş ..gəl ki uşaq baxışlı
Bir koması yoxuydu..
İndi hər yer onundu.
Hara mən baxıramsa ..orda görünür yeri
O gün yenə pisiydim.
qəfil mənə toxundu..
saçıma çəkdi sıgal..
dogma olan əlləri

Mən səni tək qoymaram ..yuxuna da gələrəm
Sənə yol göstərərəm bil çətinə düşəndə..
Sənsə yaşa əzizim, dodagında təbəssüm..
hərdən xatırla məni..
hərdən yeri düşəndə

***

Hərdən elə darıxıram
aya ulamağım gəlir,
ən gülməli lətifəyə,

sənsiz ağlamağım gəlir..
Sən gülməkçün bəhanə,
sevincimim
səbəbiydin,
hamı – yad, ağıllı idi.
sən-tək, doğma dəli idin..
Bir gün qəfil ağıllandın,
dünya tamam yad oldu.yad..
elə bil heç olmamışdın,
getdin…
qaldı quruca ad
İndi mənə fərq eləmir,
sənsiz – işıq ya zülmət…
ALLAH mənə rəhmin gəlsin.
bir az yaşamağı öyrət

***

Bir şeir də bitirib
sonra susaram yenə. .
Otağıma gəlmişəm –

çayxananın küncünə.

Üç-dörd manat varınsa
bu künc otağın olur
Uçub gəlir pərilər
sənin qonağın olur

Tüstülü misralardan
sevgi qoxusu gəlir
Sağkən qohumun olmur
Ölsən çoxusu gəlir

Dünyanın ən varlısı
yazı yazanda mənəm
Qələmimə dəyməyin
söz verirəm dinmərəm

Mənim misralarımda
Saman altda su vardı
Mən olmasam desinlər
sinəsi dolu vardı.

Qələmimdə mürəkkəb
qurumuyub hələ də
halımı soruşsanız
ŞukranLİLLAH belə də

***

Gecə dördə işləyib
yuxum hara qaçıbdı?
Yenə ötüb keçənə
yaddaşım yol açıbdı
İsitmir bu canımı
tənhalığın havası.,
xarabalıq adlanır
yalqızların yuvası.
Həm soyuq, həm xaraba
elə bil səngərdəyəm,
dünya yaman yad gəlir
demək özgə yerdəyəm
Nə bir çayı çay dadır,
nə siqaret… tənbəki
dadsız siqaretlərin
külqabısı-nəlbəki…
Üşüyürəm. donuram,
bu soyuqda ölmürəm
daha nə şəkillərdən,
nə aynadan gülmürəm
Evdə tərpənmək olmur
zirzibilin əlindən
“vağzalı çoxdan çalır.
xəbər yoxdu gəlindən
Gündüzləri bir qadın
şakəridir dədəmin,
qulağımı hey deşir
səs-küyü Xoşqədəmin
cır səsiylə götürüb
xarabanı başına
Bir daş da düşmür göydən, həyasızın başına
Bu da maraqsız həyat
gündüz o, gecə şaxta
Məndən evlənən olmaz.
axı qocayam, qoca
Nadiri taxta gördüm,
Şah Abbası qundaqda..

1 thought on “Şahin Nəsirovun şeirləri: Bir boşluq içindəyəm…

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir