07 Mart 2026
WhatsApp Image 2025-11-07 at 12.41.11 (1)


Həyat – insan ömrü bir çevrədir; başlanğıcı və sonu eyni nöqtədə birləşən bir çevrə, ucsuz-bucaqsız…
Ömür yolumuzda irəlilədikcə fərqinə varmadan dəyişirik,  yaşımız artır, lakin proseslər eyni qalır, sadəcə onların bizdə oyatdığı hisslər fərqlənir. Psixologiyada insan ömrünün müxtəlif mərhələlərdən ibarət olduğu və uşaq dövrü ilə yaşlılıq dövründə bəzən oxşarlıqlar, ehtiyaclar və davranış nümunələrinin təkrarlandığı nəzəri  olaraq izah olunur.

İnsan ömrünün ən maraqlı tərəfi budur ki, eyni hadisələr həyatımızın iki ucunda – uşaqlıqda və qocalıqda yenidən yaşanır, əvvəldə və sonda bizi iki eynilik qarşılayır. Körpə yeni  doğulanda necə köməyə ehtiyac duyursa, insan yaşlandıqda da eyni şəkildə köməyə ehtiyac duyur. Hər ikisi yerdən qalxmaq istəyəndə bir əlin dəstəyini istəyir. Hadisələr bir-birinin  eynisi olsa da, hissiyat o qədər fərqlidir ki… Körpəni qucağa almaq üçün əllərimizi gülümsəyərək, sevgi ilə uzadırıq. Amma həmin qucaq yaşlı birinə tərəf uzananda, içimizdə başqa bir duyğu oyanır: bəzən ürək ağrısı, bəzən isə “bir gün qocalanda mən də belə olacağammı?” qayğısı. Həyat bizi illər sonra yenidən eyni nöqtəyə gətirir, amma bu nöqtədə hər şey başqa cür hiss olunur – fərqli dadda, fərqli ağırlıqda, fərqli anlamda.

Uşaq üçün sabahlar yeni günün başlanğıcıdır, yaşlı üçün isə bəlkə də yaşadığı son gündür. Uşaq gələcəyə qaçmağa tələsir, yaşlı isə keçmiş günlərə qayıtmaq üçün bu gününü, gələcəyini qurban verməyə hazırdır. Uşaq gözləməyi sevmir, səbrsizdir; yaşlı üçün isə gözləmək zamanın, ona ayrılan ömrün hələ də davam etdiyini göstərən bir ümid işığıdır. Ömrün sürəti isə uşaq üçün yavaş, yaşlı üçün əksidir.

İçi mən qarışıq hamımız bu günümüzün də, dünənimizin də qədrini bilməyənlərik. Sonra isə dəyərini anlamadığımız o günlər üçün bir göz qırpımında gələcəyimizi keçmişimizə peşkəş çəkənlərik…
Mahnıda da deyildiyi kimi: “Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim.” Bu mahnıdakı sözlər neçə qədirbilməzin ürəyinin arzusudur, səsidir…

Uşaqlıq və yaşlılıq arasındakı dövr uşaqlığımızın xəyalı, yaşlılığımızın isə xatirəsidir. Həyat bizi xəyaldan xatirəyə apara bilsə də, xatirədən xəyala apara bilmir. Bəzən bu həqiqəti ruhumun ən dərinliyinə kimi hiss edirəm ki, insan yaşadığı günlərin içindən ötüb keçərkən onların əsl dəyərini görmür. Əlində olanı sabaha saxlayır, sabahı isə ümidlərin və xəyalların çiyninə yükləyir. Beləcə, keçmişlə gələcəyin arasında sıxılıb qalan bu gün — ən real an — ən çox unudulan olur. Hər kəs öz həyatının içində qaça-qaça elə bir nöqtəyə çatır ki, dayanıb geri baxanda itirdiyi günlərin ağırlığını daha aydın hiss edir. Amma artıq gec olur; çünki zaman geri qayıtmır, yalnız insanın yaddaşı qayıdır.

Həyat bir dəfədir — bəs biz, onu həqiqətən yaşamağı bacarırıqmı?

9 thoughts on “Nuray Rəşid: Bugünün qədirbilməzləri

  1. 8ku, eh? Heard some rumblings about it but haven’t checked it out myself yet. Anyone using 8ku? What’s the vibe?

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir