07 Mart 2026
mir sıədinini

İklim.az Hollandiyadan gələn məktubu təəqdim edir: Bu imzanı tanıyın- Mir Sədi Mirlər.

Mir Sədi Mirlər imzası ədəbiyyatımızda önəmli bir isimdir. Onun yaradıcılığı çağdaş şeirimizin modern sufi təmayüllü poetik incəliyini çox həssaslıqla daxili dinamikasında bəsləyən bir özəlliyə sahibdir. Bu günlərdə, Mir Sədi Mirlərin şeirləri haqqında Azərbaycan sevdalısı, Qarabağ problemini öz dərdi bilən holandiyalı qələm sahibi Henri van Rens redaksiyamıza xoş sözlərlə dolu bir məktub göndərib. Henri, Mir Sədi Mirlərin şeirləri haqqında səmimi fikirlərini yazıb. Biz də bu təəssübkeş insanın, Azərbaycan dostunun ürək sözlərini və Mir Sədi Mirlərin bir neçə şeirini sizə təqdim edirik.

Henri van Rens yazır:


Mir Sədi Mirlərin şeirlərini diqqətlə oxudum. Mən onu şəxsən tanımıram, amma şeirləri ilə tanış olduqdan sonra səmimi deyə bilərəm ki, onlar məni dərindən təsirləndirdi. Bu proses mənim üçün asan olmadı, çünki əvvəlcə onun mətnlərini şeiri anlayan və çox dəyər verdiyim azərbaycanlı bir dostumun köməyi ilə tərcümə etdirməli oldum.
Tezliklə mənə aydın oldu ki, Holland və Azərbaycan poeziyası duyğu, ritm və ifadə baxımından fərqlidir. Bu fərq onun əsərlərini oxumağı mənim üçün xüsusi və yadda qalan bir təcrübəyə çevirdi. Mənim düşüncəmə görə, onun poeziyası səmimi, təsirli və dəyərli bir sənət nümunələrdir.
Cənab Mir Sədi Mirlərin əsərləri haqqında şəxsi fikirlərimi bilmək istəyirsənsə, deyim ki,
Mən onun şeirlərinə diqqətlə yanaşdım və bu nümunələrin heç biri məni məyus etmədi. Onun şeirlərini oxuyarkən elə bil onları uzun müddət yadda qalmaq üçün yazıblar. Üslubu yumşaqdır, amma daxilində dərin və qalıcı bir ağırlıq var. Həyat, sevgi və ölüm onun poeziyasında sadəcə abstrakt anlayışlar deyil; onlar nəfəs, sükut və insanın içində daşıdığı hisslər kimidir.
Məni ən çox təsirləndirən cəhət odur ki, onun şeirlərində sevgi heç vaxt sadə bir vəd kimi təqdim olunmur – sevgi bir sınaqdır. Sevilən insan bu sevgi ilə birlikdə yükü, məsuliyyəti və taleyi də üzərinə götürür. Onun poeziyasında ölüm dramatik şəkildə göstərilmir; ölüm sadəcə mövcuddur. İnsanın bu faniliyi qəbul etməsi isə həyata məna və məqsəd qazandırır.
Onun poetik səsi səmimidir, insana ata qayğısını xatırladır. O, şeirlərində çoxlarına yox, bir nəfərə müraciət edirmiş kimi danışır. Sözləri diqqətlə seçir, amma demədikləri də dedikləri qədər önəmlidir. İlahi mövzulara da ucadan yox, hörmət və ehtiyatla toxunur.
Oxuduqca daha aydın hiss olunur ki, onun poeziyası sadə, ciddi və ardıcıl bir ritmə malikdir. Bu poeziya Azərbaycan ədəbi ənənəsinə söykənir və duyğunu, zamanı, faniliyi Qərbi Avropa poeziyasından fərqli şəkildə ifadə edir. Məhz bu özünəməxsus ritm və incə ahəng onun yaradıcılığını mənim üçün təsirli və dəyərli edir.
Mən Mir Sədi Mirlərə yaradıcılıq yolunda uğurlar arzulayıram. Zəhmət olmasa, ona ən səmimi salamlarımı çatdırın. Ümid edirəm ki, 2026-cı il həm sizlərin, həm də Mir Sədi Mirlər üçün sağlamlıq, ilham və xoşbəxt anlar gətirəcək.

Hörmətlə,
Henri van Rens “
Xatırladaq ki, Henrinin “Qarabağ üzərində Qara Buludlar” adlı monumental kitabı BAMF-ın prezidenti Umud Rəhimoğlu tərfindən Azərbaycan dilində çapa hazırlanır.

**

MİR SƏDİ MİRLƏRİN ŞEİRLƏRİ

BƏYAZDAN BƏYAZ

Uçuram,uçuram,uçqun dağları,
Qar yağır,qar yağır,bəyazdır,bəyaz.
İçimdə bir qışın sırsırası var,
Haçan gələcəksən könlümə a yaz.

Göylərdir,göylərdir,dibsiz dərinlik,
Ulduzlar ayaqlar altında gülür.
Sevgi qanadının parıltısında,
Uca məhəbbətim adınla ölür.

Bir zərrə,bir zərrə bəs eylər mənə,
Sənə uzanıram kainat boyu.
Səhra məhəbbətin ilğım yazısı,
Fələklər hələ də çalır öz toyun.

Şəklini görürəm,dəli xəyallar,
Haraya aparır mənim ipimi.
Əsir səba yeli dan ulduzuna,
Kim kəsər talemə hürən itimi.

Ulayır,ulayır şər qovuşana,
Deyəsən, ulduzlar sönüb gecəyə.
Saatın əqrəbi düşüb başıma,
Addımlar sürünür sənsiz küçəyə.

Alnımın qırışı sıxır canımı,
Tökülür dünyaya qara sevgilər.
Aynaya baxıram,səni görürəm,
Sevgindən sevinir yadlar,özgələr.

Bəs,mənim talemi kim yazacaq,kim,
Açıram qəlbimin gül pəncərəsin.
Yayılıb aləmə kül qoxuları,
Mənə nəfəs verər sevgili səsin.

Dayan,ayaq saxla,bir qıyqacı bax,
Qoy,məni öldürsün nazlı baxışlar.
Açılsın könlümə eşqdən təmtəraq,
Uğurlar ömrümü mələk yağışlar.

***

QƏDƏRİN AYRILIQLAR

Sənin qıvrım saçların mələklər nəfəsində,
Kim anlayar,kim bilər bu nə işdir,nə haldır.
Uçar ruhum göylərə sevginin həvəsində,
Hər kəs elə bilər ki möcüzəli xəyaldır.

Uçurum-uçurum gözlərin qəlbimin dalğasında,
Məni alıb aparar bu sevdanın yoluna.
Başın yastığa qoyub hər zaman ağlasan da,
Kimsə girməz heç zaman açıq qalmış qoluna.

Bu taledir,əzizim,Göylər yazmış alnına,
Boylanarsan,baxarsan ulduzların içinə.
Bir də görərsən ki sən ağlar düşüb saçına,
Durna qatarı düşər sevgilərin köçünə.

Utanc verər könlünə,saçın yolar fələklər,
Üzünə də baxmayar,deyər,- Allah, nə işdir.
Yusifin qədəridir,enər-enər mələklər,
Dua edər,-İlahi,bu taleni dəyişdir.

Zaman Haqqın zamanı,qeybə gedər bəndəsi,
Alışsan da,yansan da iztirabdır,darlıqdır.
Mir Sədi,doğru yürü,haqdır Haqq divanəsi,
Sevgi təsadüf sevər,qədərin ayrılıqdır.

***

DÖYMƏ QAPIMI QIZIM

Qızım,döymə qapını,
Usdufca içəri keç.
Çox da babanam demə,
Bil,yolçu köçəri,keç.

Bu necə poçtalyon,
Xəbər üstə xəbər var.
Hər xəbərin içində,
Ölüm adlı əsər var.

Döy başıma-başıma,
Başımın içi səsdir.
Hər səsin son nəğməsi,
Ölüm adlı nəfəsdir.

Qapını heç bağlama,
Hardan gələr,bilinməz.
Qəlbini də dağlama,
Gələn zaman görünməz.

Sevdiklərin imtahan,
Sevənlərin qədərdir.
Yaşa,yaşaya bilsən,
Daşı,daşı bu dərdi.

Dərddə ki batman-batman,
Cana hopar sis kimi.
Ölüm ruhun qoxusu,
Gələr qəlbə hiss kimi.

Bu dünyaya bir nəfəs,
Min cür həvəs eyləmə.
Döymə qapını,qızım,
Sən Allah səs eyləmə.

***

GÖYLƏRİN YÜKÜ


Tüpürsən dünyanın qara üzünə,
Ağ üzü qaralar xəcalətindən.
Yaşamın təməli belə qurulub,
Üzü qiyamətə cəhalətindən.

Kimisi şərəfin pulda axtarır,
Kimisi mərd gəlir,mərdə söykənir.
Bizim kökümüzün taleyi bəlli,
Dərd çəkir,dərd yığır,dərdə söykənir.

Küsən nə qazanıb,küsüb,gedəsən,
Bir yoldur sonsuza qəlbi bıçaqlı.
Dəyirman daşıdır,üyüdür hər vaxt,
Yenə də qurtarmır namərd alçaqlıq.

Kişilik deyirsən,göylərin yükü,
Yerin xəyanəti sevmir qeyrəti.
Tanrının əlindən süzülüb gəlir,
Savaşır hər zaman iblis xisləti.

Hər kəsin kimliyi alın yazısı,
Hər kəs başın əyər mərdin səbrinə.
Əsil sədaqətin simvolu böyük,
Mələklər nur tökər sevgi qəbrinə.

Mir Sədi sözünün gizli hikməti,
Açar zəmanənin varaqlarını.
Sevən ürəklərin telində gəzər,
Oynadar fələyin daraqlarını.

***

İNLƏR RUHUN YARASI

Boylandım,boylandım üzü Tanrıya,
Əlimin altında qaşı boylandım.
Çəkdim dərdlərimi qəlbin dibinə,
Sızladı könlümün başı boylandım.

Ay dədəm,vay dədəm, ay nənəm oy-oy,
Həsrətin gülləri soldu, nə soldu.
Eşqin piyaləsi düşdü ayağa,
Sevdası başıma doldu, nə doldu.

Gəlmədi, gəlmədi üzü sabaha,
İlğım xəyalların səhra pərisi.
Kimdir harayıma səs-səda verən,
Mənəm leylaların məcnun dəlisi.

İnlədi,inlədi ruhun yarası,
Mənim ağrılarım canı can eylər.
Ağardı həsrətdən gözün qarası,
Yarına qovuşar,ta candan eylər.

Yenə boylanıram üzü qibləyə,
Dərgahın yolları bitməz,tükənməz.
Aşiq sevdasına qurban getməsə,
Haqqı tuta bilməz,Haqqı sevəmməz.

11 thoughts on ““Həyat, sevgi, ölüm” və Mir Sədi Mirlərin şeirləri

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir