07 Mart 2026
WhatsApp Image 2025-11-07 at 12.41.11 (1)

HEKAYƏ

Dekabr ayının ortaları, saat təxminən 08:30 olardı. Evdən baxanda hava günəşli görünürdü. Başını pəncərədən tez çıxarıb havanın necə olduğunu yoxlamaq istədi. Səhərin soyuq nəfəsi onu elə üşütdü ki, əllərini qoynunda birləşdirib bir əli ilə dərhal pəncərəni bağladı.

Nizamidə yerləşən biznes mərkəzində iş görüşü var idi. Tələsik üzünə ənlik vurub hazırlığını tamamladı. Asılqandan ən qalın paltosunu götürüb əyninə geyindi. Metroda adam çoxluğuna görə qatarı ötürməmək üçün saçlarını paltonun içindən çıxarmağa belə macal tapmadan darvazadan çölə çıxmağa tələsdi.

Yola düzəlməmiş başını səmaya qaldırıb o soyuq havanı içinə elə çəkdi ki, sanki bütün bədəninə bu günü yola vermək üçün enerji topladı.

Metroya çatıb qatarı gözləməyə başladı. Bu gün deyəsən, Humay üçün yaxşı keçəcəkdi. Qatar gəldi. Özü də yeni qatar. İsti və ən əsası boş. Bu, bir insanın gününü gözəlləşdirən əsas səbəblərdən biri ola bilərdi. Humay öz-özünə düşündü ki, məncə günüm gözəl başlayır.

Vaqona minib özünə rahat yer seçdi. Evdə oxuya bilmədiyi kitabı çantasından çıxardı. Adı maraqlı olduğu üçün aldığı Stefan Şveyqin “Bir qadının həyatından 24 saat” kitabını oxumağa başladı. Kitabın 50-ci səhifəsinə çatanda bir nəfəsə oxuduğu mətndə gözünə dəyən bir cümlədə dayandı:

“Bəlli hədəfi olmayan hər bir həyat yanlışdır.”

Bu cümlə onun daxilindəki səsi oyatdı. Kitabın vərəqlərinə baxsa da, yazıları görmür, artıq özüylə dialoqa başlamışdı. Özlüyündə düşünürdü: mənim həyatımın hansı hissəsi hədəfsizdir? Bəlkə elə bu evlilik? Doğrudanmı, bir bəlli məqsədi yoxdur? Mən niyə xoşbəxt deyiləm? Bəlkə bu cümlədə deyilən “hədəfi olmayan həyat” elə mənim səhv evlilik qərarımdır?

Suallar bir-birinin ardınca, fasiləsiz beynində səslənməyə başladı. Daxilindəki bu batıq səs vaqonun relslər üzərindəki baş ağrıdan səsini belə üstələdi.

“Qapılar bağlanır. Növbəti stansiya Nizami.”

Qəfil anons onu ayıltdı. Artıq 28 May stansiyasına çatdığını başa düşdü. Barmağını kitabın 50-ci səhifəsində saxlayıb tələsik “üzr istəyirəm” deyərək qapı bağlanmamış özünü çölə atdı.

Telefonuna gələn bildirişdən saata baxdı. Hələ vaxtı var idi. Düşündü ki, bir az metronun kənarındakı, tələbə vaxtı tez-tez getdiyi kafedə otursun. Həm bir az nostalji yaşayar, həm də beynindəki yarımçıq dialoqu tamamlayar.

İçəri girəndə bütün masaların dolu olduğunu gördü, birindən başqa. Gözünə sataşan masada stulların birində saçlarını mavi rəngə boyamış bir qadın oturmuşdu. İki əli ilə fincanı qucaqlayıb çıxan buxara baxırdı.

Əslində, isti kofe alıb metronun qarşısındakı skamyada oturmaq istəmişdi. Burnuna ən sevdiyi şirin simitin qoxusu gəldi. Düşündü: simitlə çay içərəm, sonra görüş saatına qədər bir az gəzərəm. Hələ xeyli vaxtı vardı. Stulu çəkməmiş xanımdan icazə aldı, sonra əyləşdi.

Sifarişini verib yenidən kitabı açsa da, beynindəki səs fikrini yayındırırdı. Kitabı kənara qoyub simitinin gəlməsini gözlədi. Bir tərəfdən aclığın verdiyi mədə yanması, bir tərəfdən də oxuduğu cümlənin onda yaratdığı təsir qəribə bir hal almışdı.

Pəncərədən çöldə ora-bura tələsən insanları izləyirdi ki, birdən mavi saçlı qadın baxışlarını və əllərini fincandan ayırıb Humaya tərəf çevrildi:

-Saçlarınızın rəngi nə gözəldir, öz rəngidir, yoxsa boyadır?

Humay üçün bu, gününün yaxşı başlamasına səbəb olan ikinci amil idi. Üstəlik ani bir giriş idi. Öz-özünə düşündü: bayaqdan fincana baxan qadın saçımı nə zaman gördü? Sonra bu fikri kənara qoyub utancaq bir təbəssümlə cavab verdi:

-Öz rəngidir. Sizin də saçınız maraqlı rəngdədir. Amma bu rəng hər adama yaraşmır, sizə fərqli bir hava verib.

Mavi saçlı qadın bu cümləni tərifdən daha çox, taleyini danışmaq üçün bir giriş kimi qəbul etdi:

-Bilirsiniz, nə atam, nə də yoldaşım saçımı boyamağa icazə verərdi. Hətta kəsdirməyə də. Saçlarım belimə qədər uzun və tünd rəngdə idi.

Humay ani imic dəyişikliyinə məna verə bilməyib təəccüb və maraq qarışıq səslə soruşdu:

-Bəs indi?…

Qadının dodaqlarının kənarında çox zəif, demək olar ki, azca sezilən bir təbəssüm yarandı.

-İndi artıq icazə verən yoxdur. Nə soruşan var, nə də qadağa qoyan.

Bir anlıq susdu. Fincandakı çayı yüngülcə qarışdırdı. Qaşığın səsi Humayın qulağında metro relslərinin səsinə bənzədi.

-Bəzən insan elə bilir azaddır, -dedi qadın, – amma sonra anlayır ki, sadəcə, tək qalıb.

Humay diksindi. Bu cümlə sanki bir az əvvəl oxuduğu kitabdan çıxıb gəlmişdi. İçində vermək istədiyi bir qərar vardı, amma onu dilə gətirəcək adam tapa bilmirdi. Bu fürsəti əldən verməyib soruşdu:

-Tək qalmaq çətindirmi?

Qadın ilk dəfə Humayın gözünün içinə baxdı. Gözlərində peşmanlıq yox idi, amma dərin bir yorğunluq vardı.

-Yox, -dedi asta səslə. – Amma bəzən başqa çıxış yolun olmur.

Humay susdu. Evliliyini, susqunluqları, yarımçıq qalan cümlələri düşündü. Elə bil bu masada iki qadın yox, iki fərqli həyat bir-birinə toxunmuşdu.

Bu an ofisiant simiti masaya qoydu. İsti simitin qoxusu sükutu qırdı. Humay simitdən bir dişlək aldı, amma udqunmağa güc tapa bilmədi. Qaynar çaydan bir qurtum içib boğazında qalanı keçirməyə çalışdı.

Qadın onun baxışlarından söhbətə davam etməsini istədiyini anladı:

-Üç ildir yoldaşımdan ayrılmışam. Son dəfə polisin köməyi ilə çıxmışam o evdən.

Humayın ürəyi sıxıldı. Soruşsa ağrısını təzələyəcəyindən qorxdu, amma əgər deyiləsi olmasaydı, qadının özü hərhalda  bu söhbəti açmazdı deyə düşünüb davam etdi:

-Necə yəni… polisin köməyi ilə?

– İki oğlum var. Nələrə dözmüşəmsə, onlara görə dözmüşəm. Ata-anama yük olmamaq üçün. “Camaat nə deyər” deyə. Atamın saçına düşən bir dənin, ağ bir telin belə mənim dərdimdən olmasını istəməmişəm. Amma bir yerə qədər… O öz məşuqəsini evə gətirib məni ona qulluq etdirirdi. Övladlarımın gözü qarşısında məni alçaldırdı. Oğullarımdan da utanmırdı.

Qadın bunları danışdıqca əlləri fincanı daha bərk sıxırdı. Elə sıxırdı ki, barmaqlarının ucuna qan getmirdi, barmaq ucları ağarmışdı. Humay gözünü qırpmadan onu dinləyirdi. Zaman sanki yerində donmuşdu.

-Bir gün məni ölümünə döydü. Balaca oğlum evdə idi. Dedi ki, bu gün səni öldürəcəm. Uşaq nənəsinə mesaj yazdı. Anam polisə xəbər verdi. Onlar gələnə qədər qabırğalarımı sındırmışdı. Polislər məni çıxardılar evdən… Belə…

Dodaqlarını dişləyib, Humaya baxdıqdan sonra  baxışlarını  yenidən masaya dikdi. Humay isə masaya düşən bir iki küncüt dənəsini barmaqlarının ucu ilə  yerə itələyib, birbaşa fikirlərini demədən digər suala keçdi:

-İndi necədir bəs? -deyə Humay asta səslə soruşdu. -Sizə və uşaqlara yaxınlaşmır?

-Yox. Uzaqlaşdırma qərarı var. Oğullarım da böyüyüb, ikisi də dağ kimi yanımdadır. Boşanandan sonra həyatımı dəyişdim. İşimi, özümü… Saçlarımı isə xüsusilə sevirəm. Keçmişimi xatırlatmır.

 Qadın daha sonra telefona baxdı. Üz ifadəsindən bəlli idi ki, artıq saat onun getmə vaxtını göstərir. Tələsik stulu arxaya çəkib, üzr istəyib avtovağzala tələsdiyini dedi. Qapıdan çıxana qədər Humay onu baxışları ilə yola saldı. Qapı bağlanan kimi içindəki ağırlıq bir az yüngülləşdi.

Çayı soyumuşdu. İkinci çayı sifariş etməyə nə vaxtı, nə də həvəsi vardı. Simiti salfetə büküb çantasına qoydu, hesabı ödəyib çıxdı. Nizamiyə qış parkının içi ilə 28 Maydan piyada getməyi planladığına görə  bir stansiya tez düşmüşdü. Səki ilə getdikcə yol boyu düşünürdü: Bu dünyada hamı-hamı üçün bəzən dərsdir. Bəlkə kimsə sənin üçün dərsdir, sən də kimin üçünsə həyat dərsi olacaqsan.

Bu fikirlərlə heç bilmədi necə mənzil başına çatdı. Biznes mərkəzinin qapısından içəri daxil oldu. Liftin qarşısında gözləyərkən telefonuna yoldaşından mesaj gəldi:

“Bu gün işlərim çoxdur, evə gec gələcəyəm. Səni sevirəm.”

Əvvəl məyus olardı. Bu dəfə telefonu kilidləyib çantasına qoydu.

İşlərini bitirib,  marketdən bir-iki şey alıb evə tərəf yollandı. Bu dəfə evə daha çox tələsirdi. Bu gün yaşadıqlarını sakit başla analiz etmək istəyirdi.

 Nəhayət evə çatdı. Paltosunu çıxarıb divana uzandı. Daxilindəki bir cümləni ilk dəfə səsli dedi:

-Bu evlilikdən xoşbəxt deyiləm.

Sonra qorxulu sual gəldi:

– Bəs niyə qalıram?

Cavablar aydın idi. Uşaq yox idi. Maddi asılılıq yox idi. “Camaat nə deyər”  fikri əvvəlki qədər güclü deyildi. Qalan yalnız qorxu idi. Dəyişmək qorxusu, tək qalmaq qorxusu.

Humay anladı: onu mavi saçlı qadından ayıran yaşananlar yox, verilən qərar idi.

Yoldaşı o qadının yoldaşı kimi döymürdü, söymürdü. Amma şiddətin var olduğunu göstərmək üçün bədəndəki hər hansı göyərməyə də ehtiyac olmadığını yaxşı bilirdi. Humayı səssizlik, düşünülmədən qurulan cümlələr, diqqətsizlik , “Sən çox anlayışlısan” damğası altında nəzərə alınmayan fikirləri daxilini yaralamışdı. Öz içindəki  mənəvi şiddətdən yaranan “göyərməni” görməzdən gələ bilmirdi.

Bu səssizliyi böyütməyəcəkdi. Axşam danışacaqdı. Düzü-düzünə. Açıqca və çəkinmədən.

Kitabı açıb oxumağa davam etdi:

“Yarım həqiqətin heç bir dəyəri yoxdur. Həmişə tam mənası ilə həqiqət olan önəmlidir.”

10 thoughts on “Nuray Rəşid: YARIM HƏQİQƏT

  1. Heard about f8bet1, so I checked it out. Looks promising! If you’re looking for some action, this place is worth a shot. Give it a go: f8bet1

  2. Çox gözəl , düşündürücü yazı… Qələminizə sağlıq. Axarlı olsun🤲

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir