Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Müsahibə

Ayişə Nəbi: Məqsədim şeir deyil

By İklim
23 Aprel 2026 7 Min Read
1

MÜSAHİBƏ

Birinci hissə

GünTv-də yayımlanan “Zərif güc” verilişinin  aparıcısı gənc yazıçı Nuray Rəşidin yazıçı, ilahiyyatçı, publisist Ayişə Nəbi ilə müsahibəsini təqdim edirik.

Ad insanın kodudur

 Nuray Rəşid: Biz, sizi bildiyimiz kimi təqdim etdik, bəs siz özünüzü  necə təqdim etmək istərdiniz?

– Bəşəriyyətin hələ də cavab axtardığı bu suala nə cavab verim ki, düz olsun. Sadəcə, Ayişə. Ad insanın kodudur. Ona görə də təqdimat üçün  adımı deyirəm. Digər adlar və titullar bu kodun açımıdır. Mən öyrənən, araşdıran və yazaraq özünə qayıdışa, mənəvi yüksəlişə inanan, bunu sözlə ifadə etməyə çalışan insanam. 

Nuray Rəşid: Ayişə xanım, ixtisasca elektrik mühəndisisiniz, amma ruhunuz poeziya və təsəvvüflə nəfəs alır. Bu texniki dəqiqlik ilə poetik sonsuzluq sizin daxilinizdə necə kəsişdi?

Ayişə Nəbi: Alman riyaziyyatçısı David Hilbertin bir sözü var, deyir: riyaziyyatçı olmağa fantaziyası çatmadı, şair oldu. Əslində, riyaziyyatla poeziya bir-birini tamamlayır. Amma mən riyaziyyatdan qopdum yazıya keçdim. Riyaziyyat və poeziya məna və mahiyyət qədər yaxındır.

       Riyaziyyat mənə nizamı, sistemi, səbəb-nəticəni, poeziya isə   sərhədsizliyi, hissi yanaşma və duyğusal ifadə tərzini öyrətdi. Elektrik enerjisi görünüməzdir, amma həyatı təmin edir. Poeziya da elədir. Təsəvvüf və poeziya ruhun poetik səmasını bəlirləyir, riyaziyyat isə onun uçuş trayektoriyasını göstərir.

Səssizlik Qalasında yaşamaq

Nuray Rəşid: Yaradıcılığınızda təsəvvüf və mistika ana xətdir. Müasir, sürətli və maddi dünyada insan öz ruhunu ‘sufi sakitliyi’ ilə necə qoruya bilər?

Ayişə Nəbi: Əvvəlcə onu deyim, çox vaxt eyniləşdirilsə də, təsəvvüflə mistika eyni deyil. Təsəvvüfün içində mistika var, amma təsəvvüf tam olaraq mistika deyil, real yaşantıdır. İnsandan Allaha uzanan yoldur. Mistika isə insanın öz bədəni üzərindəki hakimiyyətidir. Bir baxıma, təsəvvüf də bədən üzərində hakmiyyət qurmaqdır, amma bu hakmiyyət imana dayanır və son məqsəd sadəcə, bədən üzərində hakimiyyət deyil, Allaha varmaqdır, Allahda bərqərar olmaq, fəna fillah- Allahda yox olmaqdır. Fəna fillahda müasir, sürətli, maddi dünya sənə təsirsiz qalır və ruhunun səssizliyi başlayır. Bu mistiklərdəki kimi dünyadan qopma deyil, ruhunu dünya üzərində qanadlandırmaqdır.

Müasir dünya bizə sürəti təqdim edir, dərinliyi göstərmir, öz iç dünyana enməyə, orda yaşamağa imkan vermir. Təsəvvüf isə tam da bunu verir. Sufi sakitliyi dünyadan qaçmaq deyil, insanın öz mərkəzinə, Məninə, Əslinə qayıtmasıdır. Ruhun oyanmasıdır. Hər səsə cavab verməmək, mübahisəyə qoşulmamaq, informasiya selində itməmək…

İnsan öz daxilində bir səssizlik Qalası yaradır və orada yaşayır. Səssizlik zəiflik deyil, daxili gücdür. İnsanın öz ölçüləri, meyarı olanda mənəvi halını, ruhunu qoruya bilir. 

Alın yazısını kim yazır

Nuray Rəşid: Sizcə, insan bu dünyaya gələndə öz ‘alın yazısını’ hazır tapır, yoxsa hər gün yaşadıqca o yazını özü yazır?

Ayişə Nəbi:  Bizə öyrədilib ki, hər şey Lövh-i Məhfuzda –Qorunan Lövhədə yazılıb. “Allah diləməzsə, yarpaq belə düşməz”. Digər yandan, Uca Allah deyir, sənə ağıl verdim düşünəsən, sənə iradə verdim diləyəsən, sənə hərəkət verdim bərəkətlənəsən. İlk baxışda bu təzaddır. Amma bir az dərinə gedəndə hikmətdir. Yəni sən özün düşünməsən, diləməsən, etməsən, bunu sənin üçün düşünəcək, diləyəcək, edəcəkdir. Biz hər şeyi Allaha həvalə edib məsuliyyətdən qaçırıq və özümüzü yaşantımızın nöqsanlarından, kəsirlərindən sığortalayırıq. Sonra da deyirik ki, alnıma belə yazılıb. Axı ən azından “dua qədəri dəyişir” hədisini bilirik. Mən insanın öz taleyini təyin etmə gücünə də inanıram və bəzən hər nə edərsənsə et, alın yazısından qaçılmır olayına da.

Allahın ilk yaratdığı qələmdir.Yəni, yazı haqdır.

Nuray Rəşid: Bu gün Ayişə Nəbi özünü ən çox hansı məkanda və ya hansı ruh halında xoşbəxt hiss edir?

Ayişə Nəbi:  İnsan eyni gündə özünü həm xoşbəxt, həm də bədbəxt hiss edə bilir. İki cür xoşbəxtlik var- biri görünən, biri də görünməyən. İnsana lazım olan dünyəviliklərə sahib olunca, evin, ailən, uşaqların, könlünü məmnun edən bir məşğuliyyətin varsa, bu xoşbəxtlik səbəbidir.   

Bir də var mənəvi tərəfi, içində heç nəyə baxmadan daim var olan bir duyğu-konstant var. Təbiətdə işıq sürəti, G qravitasiya sabiti adlanan dəyişməz kəmiyyətlər olduğu kimi, insanın içində də konstant- dəyişməz- sabit bir dəyər var. Ruh halın və yaşantın nə olursa olsun, ən ağır, kədərli anında da o konstant olduğu kimi durur- bax, bu xoşbəxtlikdir. Bu, içində var olan Allahdır. Ruhunu doyuran imandır.

 Allaha yönələndə və onun da mənə yönəldiyini hiss edəndə xoşbəxt oluram.

Səssizlik, düşüncə və yaradıcılıq məqamı…Bir duyğu, sezgi içində doğulub böyüyüb səndən qopanda- yazıya keçib səndən ayrılanda (yazıda duyğun maddiləşir, yazını-hərfləri görürsən) köksün genişlənir, nəfəsin açılır, bax, bu da bir xoşbəxtlikdir.

İndi balaca nəvələr var, onlar üzünə güləndə də xoşbəxt olursan.

Fərqli məqamlarda fərqli şəkildə xoşbəxtlik hiss edirəm. Ən önəmlisi bu hissi dadmağı bacarıram. Bu da mənim şükür anlayışımdan gəlir.

‘Ərəb olmaq istəmirəm’

Nuray Rəşid: Bir kitabınızın adı ‘Ərəb olmaq istəmirəm’ idi. Bu kifayət qədər iddialı bir addır. Bu kitabla oxucuya çatdırmaq istədiyiniz əsas mesaj nə idi?

Ayişə Nəbi: Kitabın adı iddialı görünə bilər, məqsədim sadəcə, kimliyimi, köklərimi qorumaqdır. Burada nifrət yox, öz mədəniyyətinə hörmət və seçim haqqı var. Oxucuya çağırışım bu idi: başqalarına hörmətlə yanaşıb, öz dəyərlərimizi qoruyaq. Biz ərəbin dinini aldıqsa, dilini, adətlərini, ruhunu almadıq. Hz.Peyğəmbərin (S) soyundandır deyə, ərəblərə böyük bir rəğbət var. Gəlin baxaq, din niyə ərəbə endi? Çünki azmış bir toplum idi və Allah, yoluna qoymaq üçün onlara dini endirdi. O zaman türklər artıq bir nizam üzərində tək tanrılı dinə inanırdı. Bəs necə oldu ki, nizamlı, inamlı bir millət olan türk çöl ərəbinin dinini qəbul etdi, həm də savaşıb uduzmadan. Birinci, din ərəbin deyil, Allahındır. İkinci,Türklər baxdılar ki, son din onların dini ilə eynilik təşkil edir, qəbul etdilər.

 Oxucuya demək istəyirəm ki, biz ərəbdən islamı aldıq, ərəbin milli xüsusiyyətlərini deyil. Buna ehtiyacımız yoxdur, çünki türk millətinin uca bir ruhu və nizamlı bir yaşantısı var. Öz kökümüzə, milli dəyələrimizə sahib çıxaq, demək istədiyim budur.

Nuray Rəşid: “Ərəb olmaq istəmirəm” kitabınızda toxunduğunuz o incə xətt, dinlə mədəniyyətin fərqi haqqında nə deyə bilərsiniz?

Ayişə Nəbi: XX əsrin böyük fiziklərindən biri V.Heyzenberqin fikrinə görə, bəşər tarixi boyunca ən böyük kəşflər fərqli təfəkkür sistemlərinin kəsişməsi zamanı edilir. Dinlə mədəniyyət kəsişdiyi yerdə bütünləşir.

Din mədəniyyətə təsir edir, mədəniyyət dinə yox. Dinin içində mədəniyyət var, mədəniyyətdə isə din olmasa da olur, din özü bir mədəniyyətdir. Hər ikisi özünüifadənin fərqli müstəviləridir. Mədəniyyətdə ağıl təxəyyüllə sərhədlənir, xəyal bir yerdə qurtarır, yəni nə qədər uzağa gedirsən get, xəyalın, təsəvvürün sonsuz deyil. Dində isə sonsuzluq var, bitmir, getdikcə gedirsən. Özünü özündən üstün görəndə, üstünlüyünü hiss edəndə- sanki Allaha yaxınlaşırsan, özünü onda tapırsan. Özünü özündə öldürüb, Allahda dirildirsən. Mədəniyyətdə isə özünütəsdiq var, özünü ədəbiyyatda sözlə, musiqdə səslə, rəssamlıqda rənglə ifadə etməyə çalışırsan, amma heç vaxt tam ifadə edə bilmirsən. Müəllif daim “ən yaxşı əsərimi hələ yaradacam” deyə çalışır. Hər dəfə “bu ən yaxşı əsərimdir”, desə də, bir müddətdən sonra görür ki, o əsər artıq adiləşib və daha üstün əsər yazmaq istəyir.Bütün dahilər, ən yaxşı əsərimi hələ yazmamışam, deyir. Çünki özü-özünə yetmir. Bu da o deməkdir ki, mədəniyyət məhduddur, din isə sonsuzdur və dində özünü tapan başqa müstəvilərdə axtarmır daha. Kamillik hiss edir, yəni tamamlanma baş verir.

Nuray Rəşid: “Eşq gözəlləməsi” povestinizdəki eşq ilahi eşqdir, yoxsa bəşəri?

Ayişə Nəbi: “Əsli və Kərəm” gözəlləməsində bu qədim dastanın təsəvvüf tərəcəsində-müstəvisində batini təsvirini yazmışam.Tarixi dastanda iki gəncin sevgisi təsvir olunursa, mənim “Eşq gözəlləmə”mdə bu sevginin batini tərəfi açılır. Gözəlləmə bir şeir növüdür. Nəsrlə şeir, yaxud şeirlə nəsr yazıldığı üçün gözəlləmə adlandırmışam. Əsli və Kərəm, sadəcə, iki aşiq deyil, daha üstün bir mahiyyət daşıyan eşq əhlidir.

Nuray: Sizin üçün şeir, sadəcə, söz yığınıdır, yoxsa ruhun Allaha pıçıltısı?

Ayişə Nəbi: İki cür şeir var: biri söz yığını, biri də özünlə danışdığın, Allaha pıçıldadığın. Şair olmaq həvəsinə qapılıb “şair olum” deyə, şeir yazarsansa, bu söz yığınıdır. İçindəki yanğını, bayaq dediyim o toxumun cücərtisini yetişdirərsənsə, bu öncə özünlə söhbətin, sonra Allaha üz tutmağın olur. Şeir öncə özünün özünə dediyindir. Sonra da Ü. Bünyadzadənin yazdığı kimi: “Yollara baxıram gözüm qaralır, Görəsən hayana gedir bu yollar?” Yəni, o yolların hara apardığını görmək və o yolu getmək özü şeirdir. Şeirin mistikasına qapılar, sözün aurasına düşüb gedər, içindəki ilahi toxumu cücərdərsənsə, öz dərinliyinə vararsan, orda səssizcə yaşarsan.Varsın kimsə səni bilməsin, sən səni bilsən, pıçıltıların Allaha çatar. Ya səssiz və dərin yazarsan, səsin içində böyüyər, sən onu ana bətnindəki can kimi daşıyarsan, tanınmazsan, bilinməzsən  (tanınmağa iddian olmaz, öz içindəkinin doyumu yetər), yaxud da pafoslu şeirlər yazıb dünya şöhrətli şair olarsan.Bu, seçim məsələsidir.

‘Məqsədim şeir deyil’

Nuray Rəşid: Deyirsiniz ki, ‘Məqsədim şeir deyil’. Bəs Ayişə Nəbi üçün qələm götürüb yazmağın ali məqsədi nədir?

Ayişə Nəbi:  Məqsədim sadəcə, nəsə yazmaq və şeir deyil. Ayişə Nəbi üçün qələm götürmək, öz ruhunu danışdırmaqdır, daxilindəki səsi kağıza gətirməkdir: şeir və yazı hədəf deyil, hədəfə aparan vasitədir.

Allah yolçuluğunda yol azuqəmdir, bu yoldakı köməkçimdir.

Yazdıqlarım şeir deyil, nəfəs-lərdir. Nəfəs- təsəvvüf şeirinin bir növüdür. İndi dəb düşüb, içində “Allah” kəliməsi olan şeirə təsəvvüf şeiri deyirlər, bu yanlışdır. Şeirin içində “Allah” kəliməsi olmadan, şeir Allahı andırmalıdır, bütünlükdə bir nəfəs olmalı, nəfəsdərmə ədəbi bədii şəkildə baş verməlidir (təsəvvüfün ən əsas cəhəti onu yaşamaqdır). Hər nəsnə Allahın ayətidir, onun sübutu sifətidir və Onu göstərir. Ona görə “sordum sarı çiçəyə“ (Yunus Əmrə), – deyəndə açılan dünya təsəvvüf dünyasıdır. Məqsədim bu ilahi dünyaya qədəm qoymaq, burada yox olmaq, “yoxluqda var” olmaqdır.

Nuray Rəşid: “Məqsədim şeir deyil” demisiniz. Bəs əsl məqsədiniz nədir?

Ayişə Nəbi: İndiki dövrdə təkcə mənəvi məsuliyyət və ya günahkarlıq hissi bəs eləmir. Bu gün qlobal təhlükələr insanların həyatını bilavasitə təhdid edir.Şeir narahatlığımın təzahürüdür.

Məqsədim şeir deyil demişəm. Fikrim dəyişmir. Şeir bir vasitədir. Əgər adi sevgi, duyğu şeiri yazırsansa, o zaman şeirin verdiyi qanad səni uzağa apara bilmir, çaxılırsan yerə. Amma qanadın ilahidən güc alırsa, o zaman o qanad səni sonsuzluğa uçurur.

Məqsədim nəfəslər yazmaqdır, şeir deyil. Adi şeir özümə də maraqsız gəlir, ancaq nəfəslər bir haldır, orda obraz olmur, duyğunun obyekti görünmür, bəlkə ifadə formaları qısıtlıdır, amma doludur, tutumludur. Bu, ilahi eşq və mənəvi yolçuluğu ifadə edən qısa, ahəndar, ruhani şeir formasıdır. Sözün gücü ilə oxucuya hüzur verir. Hər nəfəs bir mənəvi təcrübədir, insanın içsəl yüksəlişidir. Pillə-pillə ucalmaqdır. 

Nuray Rəşid: Yaradıcılığınızda Sufizm çox güclüdür. Müasir insanın bu qədər səs-küylü dünyada “sükut” tapması mümkündürmü?

Ayişə Nəbi: Sufilik təkcə kəpənək, suf, geymə (xirqə) geyinməklə olmur, əgər qəlbin Allahla bir ahəngdədirsə, demək Allah yolundasan. Allah yolunda olunca Allah adama elə güc verir ki, ətrafdan arınıb, dünyanı bir paltar kimi soyunursan. Böyük sufilərin bir çoxu pinəçi, odunçu, əkinçi olublar. Hər birinin mütləq bir sənəti, məşğuliyyəti olub. Sufi o demək deyil ki, əlində təsbeh başı səcdədə, dili duada əlini-ətəyini dünyadan çəkib hücrəyə qapansın. Sufinin gücü bu qarğaşalı dünyada öz ruhuna sadiq qalmasındadır. Ruhuna sadiqlik bir gücdür. Sən dünyadan bir pillə qalxırsan və dünyanın içində olduğun zaman belə, əslində bir məna daşıdığını, uca bir mahiyyətin olduğunu, hardan gəlib hara getdiyini unutmadan yaşayırsan. İçindəki ilahi ünsürü ayıq saxlayırsan və sən onun rənginə boyanırsan. Qəflətə düşmürsən. Hər nəfəsin bir “hu” kimi çıxır, hər susmağın təfəkkürə, hər işin ibadətə çevrilir.Təki sən o “ünsürə” sadiq ol, varsın kimsə bilməsin. Qoy, səni bəsit saysınlar, tanımasınlar, bu ruhunu daha da qidalandırar. Çünki sən, əslində, öz inancınla toxsan, bütövsən. Əvvəldə də dediyim kimi, dünya bir paltar kimidir.Sənin üçün səni qoruduğu qədərdir.

(davamı olacaq)

Author

İklim

Follow Me
Other Articles
Previous

Məmmədova Zəminə: 7 məktub bir həqiqiət

One Comment
  1. Nuray Rəşid dedi ki:
    23 Aprel 2026 tarixində, saat 12:02

    Bu xoş söhbət üçün təşəkkür edirəm🌷

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme