Ayişə Nəbi: Böyük zövqün dadı
Səmimi söhbət
Sabahın bu tər vaxtı düşün ki, cənnətin bir guşəsində huri qılmanlar arasındasan, süfrəndə görmədiyin ləzzətlər, ətrafında sevdiyin insanlar. Bütün arzuların çin olmuş, xoşbəxtliyin zirvəsindəsən.
Gözəl düşüncə, gözəl xəyaldır. Hətta xəyal qurmaq belə insana zövq verir. Məhz zövq verir.
Mən bu zövqü dadmamışam. Çünki cənnəti görməmişəm, canlı şahidlərini dinləməmişəm. Axı o dünyadan qayıdıb gördüklərini danışan olmayıb. Eləcə də cəhənnəmdən gəlib qır qazanında qaynayanlara, qıl körpüdən düşənlərə, oranın dəhşətlərinə şahidlik edən də yoxdur. Biz qorxuya da, zövqə də nəqli dəlillərlə inanırıq.
Burda məsələ zövq məsləsidir.
İnsan yaşadığı müddətcə hər şeydən zövq almaq istəyir-hər andan, hər hərəkətdən, gördüyü hər işdən, hər münasibətdən. Bir sözlə, ömrün zövqünü yaşamalıdır. Ancaq təəssüf ki, buna çox vaxt nail olmur.
Axı biz həyata, dünyaya böyük məna yükləyib, böyük umacaqlar gözləyirik. Çox vaxt da bunun əksini görürük.
Özündə dərin məna daşıyan bir dünya qurmaq, xoşbəxt həyata çatmaq böyük xəyalımızdır. Biz isə bizə təqdim olunan, bəxtimizə çıxan, “alnımıza yazılanı yaşayırıq”. Zövqlərimiz də ona görə formalaşır. “Neyniyək, alnımın yazısı belədir” deyib xəyallarımızın qarşısına Çin səddi çəkirik. Bir addım atmamış qarşımıza çıxan ilk əngəldə geri çəkilirik. Bu həyat mübarizəsidir. Bu gün bundan danışmayacam.
Mən fərqli bir zövqdən danışım. Niyə fərqli? Çünki bütün zövqlər zamanla, şəraitlə dəyişir. Heç nə ilə dəyişməyən, azalmayan, itməyən, sənə daha çox məxsus olan, səni daha yaxşı hiss etdirən başqa bir zövq də var.
Burda müasir beyinlər etiraz edəcəklər. Bu nəyisə dəyişmir, sadəcə sənin bu zövqü hələ dadmadığını göstərir. Bu zövqdən məhrum olmayasan deyə, bu yazı məhz sənin üçündür.
Böyük Kitabda “Ey iman edənlər”, deyə müraciət edilir. Mən, ey iman etməyənlər, deyə imanın dadını hələ alamayanlara üz tuturam:
Sabahın bu tər vaxtı aç qapı-pəncərəni, evinə təmiz hava girsin. Dərin bir nəfəs alıb, sonra qəlbinin qapısını aç. Udduğun təmiz hava ilə aydınlanan beynindən qəlbinə bir sezgi enəcək: bəlkə inanasan? Bəlkə inadı azaldasan?
Əgər inansan eqon sarsılacaq? Əyiləcək, qırılacaq? Bu səni incidəcək?
Qorxma, bunu heç kim görməyəcək. Bu sənin öz içində olan prosesdir, iç dünyandakı gedişatdır. Eqon itmir.
Qorxma, addım at və inanmaq deyəndə ağlına ilk gələn “filankəs nə deyər” fikrini beynindən sil. Heç kim sənin inancdan aldığın zövqü bilməz, heç bir qayda buna mane olmaz. Sənin inanma istedadın kül altında közərincə, içindəki sevgi oduna heç kim su tökəmməz.
İnandıqca tənha olmadığını, səni qoruyan, səni dinləyən və səndən umacağı olmayan bir dostun olduğunu görəcəksən. Bu duyğu sənə güc verəcək, özünü güclü hiss edəcəksən. Bunun bir güc olduğunu niyə indiyə qədər bilməmisən deyə, özünü qınayacaqsan.
Sən, sadəcə qəlbinin qapısını aç. Qapı önünə qoyduğun o daşları götürsən, o zaman qapı açılacaq.
Mən sənə böyük bir zövqdən danışıram. Təkrarsız zövqü, Böyük Sevgini göstərirəm. Seçim yenə də sənindir.
İnanmaqla başqa bir yola- Ulu yola düşüb, Böyük Sevgi dünyasına qədəm qoyursan. Gözünü qamaşdıran ötəri rənglər cazibəsindən çıxıb ruhunun sakitliyinə qovuşursan. “Ruhi rəvan” olursan.
Bu bəlkə də sənə məntiqli gəlmir. Sən məntiqi qazanc işlərində istifadə et.
Könül işlərində məntiq cılız qalır. Məntiq ağla dayanır. Ağıl sezginin mərtəbəsinə qalxmır. Bir gün o halı yaşasan vaxtın bərəkətini, ömrün dadını, könlün kamını hiss etsən, məntiq sənə bəsit görünəcək, onda bu sözlərin fərqinə varacaqsan.
Sənə inanmanın böyük zövqünü dadmağı arzulayıram.