Şəhidin xatirəsinə həsr olunmuş turnir keçirilib
24 may 2026-cı il tarixində Quba şəhərində “UHUD” Taekvondo klubunun təşkilatçılığı ilə İkinci Qarabağ müharibəsi şəhidi, baş çavuş Mehdiyev Surxay Zülfü oğlunun xatirəsinə həsr olunan daxili birincilik yarışı təşkil olunub.
Yarışın açılış mərasimində çıxış edən “UHUD” Taekvondo klubunun baş məşqçisi və yarışın təşkilatçısı Tural Vəlibəyov şəhidlərimizin döyüş yolunun və vətənpərvərlik ruhunun gənc nəslə aşılanmasının vacibliyini qeyd edib. O, bu cür idman tədbirlərinin şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək və yeniyetmə idmançılarda vətənpərvərlik hisslərini gücləndirmək məqsədi daşıdığını vurğulayıb.
Rəsmi açılış nitqindən öncə söz şəhidimizin anası Rəsmiyyə Mehdiyevaya verilib. Rəsmiyyə Mehdiyeva çıxışında bu kimi təşəbbüslərin şəhid ailələri üçün yüksək mənəvi dəstək və dəyər olduğunu qeyd edib. O, yarışda iştirak edən idmançılara uğurlar arzu edərək, onlara hər zaman Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmağı diləyib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirdə müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə qaliblər müəyyənləşdirilib. Qaliblər arasında Surxay Mehdiyevin övladları Zülfü Mehdiyev və Ayşə Mehdiyeva da vardı. Qalib gələn şəhid övladlarının mükafatlarını nənələri Rəsmiyyə xanım təqdim edib.
İklim.az





