Aynur İsmayılovanın esselƏri
LABİRİNTDƏ
Bir labirintdəyəm. Çıxmağa yol axtarıram. Hansı tərəfə getsəm də, yenə eyni yerə çıxıram. Sanki bütün yollar bir yerə aparır. Axı bu doğru deyil. Bir çıxış yolu mütləq olmalıdır. Mən həmin yolu tapa bilmirəm.
Günlər keçir və mən bir döngünün içində dönə-dönə yox olmaq üzrəyəm. Zaman məfhumunu unutmuşam. Keçən dəqiqələr, saatlar, günlər… Sanki hamısı bir-birinin içində ərimişdir. Burada neçə gün olduğumu belə unutmuşam. Keçən hər gün bir əvvəlki gündən heç nə ilə fərqlənmir.
Bəlkə də mən artıq var deyiləm? Bəlkə də mən bir labirintə çevrilmişəm? Əgər bir çıxış yolu yoxdursa, deməli mən özüm çıxışa çevrilməliyəm. Qarışıq düşüncələrim əsəblərimi tarıma çəkir. Mən bu labirintin içində tək başıma mübarizə aparıram. Bu çox çətindir. Saatlarla yerimdə oturub əllərimi üzümə söykəyib bir yol axtarıram. Hər yolu getdiyimi düşünürəm, ancaq getdiyim bütün yollar yenə qayıdıb mənə çıxır.
İndi mən nə etməliyəm? Yenə də düşünürəm: Görəsən, bu labirintdən kimsə çıxıbmı? Bəlkə bu bir son deyil, elə başlanğıcdır? Mən hər zaman buradan çıxış yolu axtarmışam. Ancaq mən buradan bəlkə heç çıxmayacam, əgər bura mənim bir hissəmə aiddirsə…
Allah, mənə kömək et. Bu çarəsiz bəndənə bir çıxış yolu göstər. Mən ərafda qalmışam. Öz yolumu tapmağa kömək et. Mənə səndən başqa kimsə kömək edə bilməz. Mən ən çətin anlarımda sənin adınla təssəlli tapdım. Yenə mənə göstər, görə bilmədiklərimi, bacara bilmədiklərimi…
Sükut içində dualarımın bir cavab kimi əks-sədasını gözləyirəm. Cavab isə hələ ki, yoxdur…
Birdən içimdə bir fərqli duyğu baş qaldırır: “Mən hər zaman buradan çıxış yolu axtarmışam, bəlkə də bir yol axtarmaq hər zaman lazım deyil, sadəcə dayanmaq və buranı anlamağa çalışmaq gərəkdir.”
Ayağa qalxıram. Bu an hər şeyə daha fərqli baxıram. Labirintin divarlarına toxunuram. Sanki canlıdır, məndən bir parça kimidir. Bəzi yeri isti, bəzi yeri soyuqdur. Yavaş-yavaş ətrafı dərk etməyə başlayıram. Buranın mənim bir hissəm olduğunu anlayıram. Bəlkə də tam anlayanda o məni buraxacaq. Artıq tələsmirəm, qaçmıram, bir yol axtarmıram. Sadəcə, yerimdə dayanıb gözlərimi yumub dərin bir nəfəs alıram. Var olduğumu hiss edirəm. Gözümü açanda qarşımdakı divarın titrədiyini görürəm və divar yavaş-yavaş dağılmağa başlayır…
***

AĞ VƏ QARA
Həyat heç zaman nə tam ağdır, nə də tam qara. Həyat bir az da göy qurşağı kimidir…
Niyə həmişə bir yol axtarışındayıq? Həqiqətən hər zaman bir yol varmı? Yoxsa yol da, yolçu da bizik? Mən bu sualların içində yox olmaq üzrəyəm. Tükəndiyimi hiss edirəm. Tükənmişlik insana nə qazandırır? Yeni bir varoluş, yoxsa varlıq içində var olub da yox olmağı?
Niyə mən bir yol axtarışındayam? Bəs dayanmaq? Bir yerdə dayanıb gözləsəm nə olar? Bir quru ağac kimi məhv olmağımı gözləsəm? O zaman nə vaxt gəlib yetişəcək? Gözləmək də məni yormazmı? Mən nə gözləməyi, nə də yol tapmağı bacarıram. Hər yol axtarışında bir az daha yox oluram, hər dayandığımda bir az daha məhv oluram. Və ən əzablısı da budur: yenə ölmürəm.
Məni yaşadan ruhum məni tərk etmək istəmir. Bədənim ona ağırlıq etsə belə, o, məni daşımaqdan usanmır. Məndən nə istədiyini anlaya bilmirəm. İçimdəki boşluq bu dünyaya sığmır. O boşluğu heç nə doldurmur.
Həyat piyada keçidindəki ağ-qara xətlər kimidir. Bir addımını ağın üstünə qoyarkən, o biri addımın qaranı göstərir. Həyat heç zaman nə tam ağdır, nə də tam qara. Həyat bir az da göyqurşağı kimidir. Nə vaxt hansı rəngi sənə göstərəcəyini bilə bilməzsən. O, özü sənə hər rəngdən pay ayırır.
Bəlkə də həyat işıqfor rənglərindən ibarət olsaydı, hansı yolu seçəcəyimizi daha yaxşı bilərdik. Amma, bəlkə də elə bilməmək yaxşıdır, çünki hər seçim, bir itki deməkdir. Hər yolun sonunda bir boşluq var. Sonsuz bir yol yoxdur. Həyat bir addım daha atmaqdan ibarət olsa da, bəlkə də heç bir zaman varlığı anlamayacağıq. Beləliklə, bu yol heç bitməz, amma biz onun içində itib gedəcəyik.