Hidayət Orucovun şeirləri
SABAHA ÇOX VAR
Məni bu düşün bu gün, bu gün sevindir,
Məlhəm qoy qəlbimin ağrılarına.
Mehriban danışdır, mehriban dindir,
Ortaq ol nəşəmə, qayğılarıma.
Sabaha çox var…
.
Bu gün hər anı da hiss edək, duyaq,
Səslənsin hər yanda gülüş, toy-düyün.
Gəl, şeir söyləyək, nəğmə oxuyaq,
Vaxtı vaxtdan alıb yaşamaq üçün-
Sabaha çox var…
.
Bu gün dostlar olsun həm solum, sağım,
Heç nəyi sabaha saxlama, gülüm!
Bəlkə bir an sonra axır qonağım
Olacaq son nəfəs, olacaq ölüm…
Sabaha çox var….
1975
***
ÜRƏYİM HARDADIR, ÖZÜM HARDAYAM?..
Harda ağ çiçəklər titrəyir, əsir,
İşıq qaranlığın səbrini kəsir,
Harda ümman coşur, çaylar tələsir –
Ürəyim ordadır,
özüm ordayam.
Harda alovlanan eşq var, hicran var,
Harda kosmonavt var, harda çoban var,
Harda kövrək ana, igid insan var –
Ürəyim ordadır,
özüm ordayam.
Harda çinarlar var ucadan-uca,
Harda qayalar var – dağlardan qoca,
Harda yolçu istər təzə yol aça –
Ürəyim ordadır,
özüm ordayam.
Harda təbiətdir dahi bəstəkar,
Harda ki, gecikir vaxtından bahar,
Harda məktəbdən çox dar ağacı var –
Ürəyim ordadır,
özüm ordayam.
…Ünvanlar min-mindir, yadına salsan…
Bir an gülkarlıqda, bir an qardayam,
Bilmərəm,
bu saat sən xəbər alsan
Ürəyim hardadır –
özüm ordayam?
Divarlar dağlardan ayırır məni-
Çağlayır qəlbimin həsrəti, qəmi…
Döşəmə-torpağa məftilsiz sərhəd,
Tavansız- göylərə axırıncı hədd…
Amma evimdədir dünya,
Səma,
Torpaq,
Günəş,
İnsanlar…
…yaxşı ki, pəncərələr var!
1970
**
KÖÇMUŞ DAG KƏNDININ NƏĞMƏSİ
Burda nə toy səsi, nə tar, nə qaval,
Nə səfərə çıxan, nə yola salan…
Sualı mürgülü, mürgüsü sual,
Susubdur arzular, dayanıb zaman.
.
Nə tüstü görünür, ocaq qalanır,
Nə də gur bulaqda səhənglər dolur,
Nə ölüm, nə matəm, nə ürək yanır,
Nə də ki, anadan uşaq doğulur…
.
Şirin yuxudadır min ümid, həvəs,
Yerlər də, göylər də sükuta dalır.
Nə insan nəfəsi, nə gülüş, nə səs…
Nə olsun, aynabənd evlər ucalır?..
.
Bal dadlı armudlar tökülür yerə,
Xəzəllər içində xəzələ dönür,
Burda nə işıqlar yanır bir kərə,
Nə də ki, gecələr çıraqlar sönür…
.
Doğma övladları dönük çıxıbdır,
Hərəsi yollanıb bir uzaq elə;
Onların dalınca şimşək çaxıbdır,
Su səpib göylərin göz yaşı ilə…
.
Meşə də, təpə də, yalçın qaya da
İsinmək, canlanmaq niyyətindədir.
Yox, gərək bu kəndi kimsə oyada,
Bu kənd insanların həsrətindədir!
.
Sular da, quşlar da həvəssiz dinər,
Köçmüş kəndin yurdu batıbdır yasa.
Məbəd də qaranlıq zindana dönər,
Orda addımlayan insan olmasa!
1976

https://shorturl.fm/IkYPs
https://shorturl.fm/HmxZb