Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Şeir

Nigar Rəfibəylinin şeirləri

By İklim
06 İyul 2026 2 Min Read
0

XƏYAL

Nə xoşdur çırpınmaq bahar eşqilə

Nə xoşdur ayrılıq, nə xoşdur vüsal,

Bağlayıb günləri, ayları ilə

Sən yenə uçursan cilovsuz xəyal…

Sular lillənəndə, çaylar daşanda,

Bahar nazlı-nazlı yaxınlaşanda,

Sən, coşqun xəyalım, tapmırsan məkan,

Nə doymaz əjdaha olurmuş insan…

Gör aləm nə xoşdur, en, gəl, xəyalım,

Yetər, yolçuluqdan dincəl, xəyalım.

Çırpınma demirəm, sən ki bir quşsan,

Bu geniş dünyada yüksəl, xəyalım…

***

GETDİN

Getdin,

gecələrimin

şirin yuxusunu apardın.

Könlümün

sevinc, fərəh duyğusunu apardınm.

Həsrətim, hicranım mənim,

Ümidim, gümanım mənim.

Açılan çiçəyə,

Suyun aynasına,

Sevişən quşların

axşam sevdasına

Baxıb-baxıb sevinə

bilmirəm.

Sən gedəndən bəri, a qızım,

Doyunca deyib-gülə bilmirəm,

dinə bilmirəm…

Həsrətim, hicranım mənim,

Ümidim, gümanım mənim…

Uzaq, qərib bir ölkəyə

işıq apardın…

Boz qumlara, boz qayalara

Yaraşıq apardın…

Ağlın, kamalınla,

Şux təbiətin,

zərif xəyalınla…

Arzum budur, qızım,

Qədəmlərinlə həmişə

Nurlu günəşi andırasan…

Harda qaranlıq içində

yaşayırsa insanlar,

Orda işıq yandırasan…

**

MƏTBƏX ŞEİRLƏRİ

1

Qadın olmasaydım əgər,

Qazanların, qabların,

Nimçələrin, çömçələrin

aləmindən qaçardım,

Səhəri dəniz qırağında

qayaların üstündə açardım…

nəfəs alardım dəniz havasıyla,

Ciyərlərim dolusu

Baş-başa qalardım

Sahillərin

 gözə

 görünməyən

səfasıyla.

Sinəmi açardım

səhər rüzgarına…

Həzin-həzin

gilə-gilə

nəğmələr qoşardım

Abşeron bağlarına…

Ürəyim bu mətbəx aləmində

yaman darıxır,

Məan

Bir azca da şairəm axı.

2

Şeri gözələ yazarlar,

Baharda yaz çiçəklərinə,

Payızda xəzələ yazarlar…

Hicran ağrısına,

Şirin vüsala yazarlar,

hüsn-camala yazarlar…

Qazandan qalxan buxar,

Dızıldayan samovar,

Nədən şeir olmasın?!

Nədən şeir olmasın

Tərtəmiz su altında

Yuyulub

Ağappaq olan qablar?!

Biri şit sevir,

biri şor sevir,

Biri bişmiş,

biri çiy pomidor sevir…

Birinin yeməyi yağsız gərək…

Birinin xörəyi soğansız,

sarımsaqsız gərək…

Bütün günü yu, sil,

bişir, düşür,

Birinin qismətinə

yüksək masa arxasında oturmaq,

Birinin qismətinə

qab-qacaq yumaq düşür…

Nə zərər,

Bəzən yüksək məclislərdən

daha parlaq,

daha təmiz olur

Adi mətbəxlər…

Ocaqda soğan qovrulanda

göz qoymasam,

yanıb kül olar…

Xörəklərin də işi müşkül olar.

Ocaq qabağında

yanıb, yanıb

kül olan,

Könül aləmində

İşləri müşkül olan

aşpaza göz qoyan hanı?

Göz qoyun, göz qoyun

Yanmasın

xörəklərə ləzzət verən soğanı…

3

Güllü bir bağça da şeir ola bilər,

Adi bir mətbəx də…

Bir çiçək,

bir ocaq,

bir hisli qazan.

qalxıb çıxa bilər

Sənətin oturduğu taxta…

Şerin mövzuları

gəlməz saya –

Yalnız şair gözlərilə

baxılarsa bu dünyaya…

4

Bir kiçik mətbəx pəncərəsindən

İlin dörd fəslini görürəm…

Yayın, qışın

yazın, payızın əslini görürəm.

Baharda

Pəncərəm önündəki boylu-buxunlu

Qovaq ağacı

yavaş-yavaş puçurlayır,

yarpaqlayır,

yaşıl don geyinir.

Meh əsir, budaqlar

yavaşdan-yavaşdan deyinir…

Yay olanda yırğalanır

bütün cah-calalıyla,

Payız küləkləri girəndə qoynuna

Saralır dərin qəmi, məlalıyla.

Sonra qış gəlir,

Ağac soyunur tamam…

Elə bil çılpaq qalır

Bərli-bəzəkli bir ilham…

Ağac, bu çılpaq halıyla,

Qəmi, məlalıyla

Sinə gəlir ayazlara,

şaxtalara,

Sağ-salamat çıxmaq üçün

Əzablarla gözlədiyi

bir bahara…

Ürək geniş olarsa,

xəyal dərin olarsa,

Nə arzular ölər,

Nə fikir sönər…

Könüldə bir işıq,

bir atəş varsa,

Balaca bir

 mətbəxden də

böyük bir dünya

görünər….

Author

İklim

Follow Me
Other Articles
Previous

Ortaq tarixdən vahid gələcəyə: 100 illik irsin davamı

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme