Müasir yapon ədəbiyyatı: Günəş ölkəsinin yeni səsi
Dünya ədəbiyyatı xəritəsini vərəqləyərkən görürük ki, hər bir milli ədəbiyyatın özünəməxsus ritmi və inkişaf trayektoriyası var. “Dünya xalqlarının ədəbiyyatı” layihəmizin bu dəfəki dayanacağı, ənənə ilə müasirliyin, qədim Şərq mistikası ilə rəqəmsal dünyanın ən qabaqcıl elementlərinin qovuşduğu Yaponiya və onun son dövr ədəbi intibahıdır.
Uzun illər boyu Yasunari Kavabata və Kenzaburo Oe kimi Nobel mükafatçılarının, daha sonra isə Haruki Murakami fenomeninin kölgəsində qalan yapon nəsri, son 20 ildə köklü və radikal bir estetik, tematik və struktur çevrilişi edib. Müasir yapon ədəbiyyatı artıq yalnız samuray fəlsəfəsi, sakura gözəlliyi və ya melanxolik intiharlardan ibarət deyil; o, rəqəmsallaşan, tənhalaşan və qloballaşan XXI əsr insanının ən dərin ekzistensial böhranlarını əks etdirən canlı bir orqanizm kimidir.
Saytımızın oxucuları üçün müasir son dövr yapon ədəbiyyatını formalaşdıran əsas yeniliklər və parlaq nümunələrlə tanış edirik:
“Qadın dalğası” və feminist subversiya
Əgər XX əsr yapon ədəbiyyatında kişi yazıçılarının və kişi baxış bucağının (male gaze) dominantlığı hiss olunurdusa, XXI əsrdə bu ölçü dəyişib. Yaponiyanın ən nüfuzlu ədəbi mükafatı olan Akutaqava mükafatını son illərdə demək olar ki, yalnız qadın yazıçılar ala bilir. Müasir yapon qadın yazıçıları cəmiyyətin onlara diktə etdiyi “mükəmməl ana”, “itaətkar həyat yoldaşı” və ya “ideal korporativ işçi” qəliblərini darmadağın edirlər.
Sayaka Murata və onun dünyaşöhrətli “Kombini Qadını” romanını misal göstərə bilərik. Əsər, cəmiyyətin “evlənmək və normal iş tapmaq” təzyiqlərinə qarşı çıxaraq, 18 il boyunca kiçik bir marketdə (kombinidə) işləməkdən xoşbəxt olan 36 yaşlı Keiko Furukuranın hekayəsindən bəhs edir. Murata, cəmiyyətin “normal” anlayışının nə qədər absurd olduğunu bu əsərlə mükəmməl şəkildə ifşa edir. Digər diqqət çəkən müəllif Mieko Kavakami isə “Süd və Döşlər” romanı ilə qadın bədəni, estetik təzyiqlər və subay analıq mövzularını cəsarətlə işləyir.
“İyaşikei” – ruhun sağalması və rahatladıcı nəsr
Müasir Yaponiyanın və dünyanın sürətli, stressli və xaotik həyat tərzinə cavab olaraq ədəbiyyatda “İyaşikei” (Şəfaverici) cərəyanı yaranıb. Bu janrda yazılmış əsərlərdə dəhşətli müharibələr, qanlı dramlar yoxdur. Hadisələr, adətən kiçik kafelərdə, köhnə kitab mağazalarında və ya məhəllə kitabxanalarında cərəyan edir. İnsanlar bir yerdə görüşür, isti bir fincan kofe içir, pişikləri oxşayır və bir-birlərinin ruhundakı yaraları sağaldırlar.
Toşikazu Kavaquçinini “Qəhvə soyumamışdan əvvəl” seriyası. Tokionun gizli bir zirzəmi kafesində oturan müştərilər qəhvə soyuyana qədər keçmişə səyahət edə bilirlər. Əsər, itkilər, peşmanlıqlar və sevgi haqqında unikal, eyni zamanda insanın qəlbini isidən bir nağıldır. Eynilə, Miko Aoyamanın “Axtardığın şey kitabxanada gizlənib” romanı da bu janrın qlobal bestsellerinə çevrilmiş əsərlərdən biridir.
Sosial yadlaşma, tənhalıq və “Hikikomori”
Yaponiya bu gün dünyada tənhalıq faizi ən yüksək olan ölkələrdən biridir. İllərlə otağından çıxmayan, cəmiyyətdən tamamilə təcrid olunmuş insanlar – yəni hikikomorilər və korporativ sistemin içində robotlaşan fərdlər müasir nəsrın əsas qəhrəmanlarıdır. Yazıçılar bu mövzunu fəlsəfi olaraq deyil, gündəlik həyatın çılpaq və ağrılı reallığı ilə təqdim edirlər.
Məsələn, Natsuo Kirino və ya gənc nəslin nümayəndəsi olan Yukiko Motoyanın hekayələrində müasir Tokionun parıltılı küçələrinin pərdə arxasında gizlənən dərin ünsiyyətsizlik, insanların virtual dünyalara qaçışı və metropolda tənha qalmağın psixoloji qorxuları ustalıqla təsvir olunur.
Postmodern magik realizm və absurdizm
Haruki Murakaminin dünyamıza tanıtdığı “real dünya ilə paralel sürreal dünya” konsepsiyası son dövr yazarları tərəfindən daha da inkişaf etdirilib. Lakin yeni nəsil bu magik realizmi cəmiyyətin absurd qaydalarını tənqid etmək üçün bir alətə çevirib. İnsanların qəflətən heyvana çevrilməsi, əşyaların dil açması artıq sadəcə fantaziya deyil, metaforik bir sosial etirazdır.
Yoko Oqavanın “Yaddaş Polisi” romanında Sürreal bir adada yaşayan insanların yaddaşından hər gün bir anlayış (məsələn, quşlar, güllər, təqvim) silinir və yaddaş polisi bu silinən şeyləri insanların həyatından tamamilə yox edir. Bu əsər həm totalitar sistemlərə, həm də müasir insanın öz keçmişini və kimliyini sürətlə unutmasına qarşı yazılmış güclü bir allegoriyadır.
Transmilli Yapon Kimliyi
Müasir yapon ədəbiyyatının ən böyük yeniliklərindən biri onun artıq “təmiz qanlı etnik yapon” çərçivəsindən çıxmasıdır. Dünyanın müxtəlif yerlərində yaşayan və ya Yaponiyaya köçən fərqli mədəniyyətlərin nümayəndələri yapon dilində yazaraq bu ədəbiyyatı zənginləşdirirlər.
Alman, həm də yapon dillərində yazan və hər iki mədəniyyəti sintez edən Yoko Tavada və Yaponiyada yaşayan Koreya əsilli yazıçı Yu Mirinin “Ueno stansiyası. Park çıxışı” əsəri Yaponiyadakı marginal qrupların, evsizlərin və sistem tərəfindən kənara atılmış insanların səsinə çevrilərək beynəlxalq uğur qazanıb.
Sonda onu deyək ki, son dövr yapon ədəbiyyatı öz içinə qapanmış ənənəvi ada mədəniyyətindən çıxaraq, qlobal dünyaya atılıb. O, oxucuya vizual manqa və anime estetikasından gələn dinamik bir dil, eyni zamanda dərin psixoloji analizlər təklif edir. Əgər siz də XXI əsrin insanını, onun qorxularını, tənhalığını və eyni zamanda ümidini anlamaq istəyirsinizsə, müasir yapon yazıçılarının rəsərlərinə mütləq nəzər salmalısınız. Layihəmizin növbəti yazılarında bu sehrli ədəbiyyat dünyasının digər incilərini kəşf etməyə davam edəcəyik.
M.Mövludoğlu