Bu gün Şəhid Ülvi Bünyadzadənin dünyaya gəldiyi gündür.Dünya səninlə şərəfləndi, məsum Ülvi. Sən öz andınla, ürəyinlə, qeyrətinlə gəncliyə örnək oldun. Torpağı vücudun qədər artırdın, heysiyyətimizi heysiyyətin qədər ucaltdın.Səni unutmuruq, şeirinlə, yaşamınla və ölümünlə qəlbimizdəsən.
OVUT ANAMIZI, SƏN MƏNİM BAŞIM
***
Sən
mənim adıma
rast gəlməyibsən.
Adsız uyuyuram bu qərib yerdə.
Sənə deməyəcəyəm
heç adımı da.
Məni diri bilib,
Gözləyir anam.
Demə!
Qoy gözləsin,
dözməz bu dərdə.
Görürəm
qəbrimin içi yaş olur.
Deyəsən ağlayır anam xəlvətcə.
Girmir heç olmasa yuxuma –
deyəm, ağlama, ay ana,
mən çox yaxşıyam.
Səndən narahatam,
Niyə hər gecə çıxıb
qaranlıqda yola baxırsan?!
Niyə vaxtsız yatıb,
vaxtsız qalxırsan?!
lll
Qardaş da yoxdur ki, ona tapşırım.
Bəlkə … sən olasan …
Mənim qardaşım.
İndi ki,
Razısan,
Onda get bizə
Ovut anamızı, sən mənim başım.
MƏN GÖRÜŞƏ TƏLƏSƏNDƏ
Bir adətmi, yoxsa nədir?
Ay buludda düşür bəndə.
Göylər baxır, qəh-qəh çəkir,
Mən görüşə tələsəndə.
Qəlb döyünür, qol usanır,
Bir tutqunluq görcək səndə.
Elə bil ki, yol uzanır,
Mən görüşə tələsəndə.
Sığal çəkib qara telə,
Gəl dayanma, məndən gendə.
Pıçıldaşır sular belə,
Mən görüşə tələsəndə.
Nəfəsinlə isinirəm,
Dan yerindən bad əsəndə.
Bir dünyayam, bir aləməm,
Mən görüşə tələsəndə.
Qəhrəmanlar ölmür!
Sən də ölmədin! Milyonların qəlbindəsən, Ülvü!