03 Aralık 2024

İKLİM.AZ təqdim edir: Bəturə Adil qızı Qərbi Azərbaycanda doğulub böyüdü.1988-ci ildə erməni məkri ilə doğma yurdundan sürgün edildi. O gündən vətən həsrətli, yurd nisgilli ağrılarını şeirlə dilləndirir. Onun iki şeirini sizə təqdim edirik.

DAĞLARA SARI

.

Vətənə apardı yuxular məni,

Sahibsiz bağlarda bol barı gördüm.

Gözündən həsrətin selləri axan

Yurdumun gözəli Şinkarı gördüm.

.

İlan tək dağlara sarı uzanan,

Boş qalmış o qərib yolları gördüm.

Dibində bənövşə, nərgizi solmuş

Həsrətdən qurumuş kolları gördüm.

.

Anamı səslədim bəlkə oyana,

Dərdimi danışam, halıma yana.

Nə deyim vəfasız ötən zamana

Göylərdə narahat ruhları gördüm.

*

BƏNÖVŞƏ NƏRGİZƏ QARIŞANDA

.

Dağların döşündə xalı toxuyub

Bənövşə nərgizə qarışanda gəl.

Qürbət havasında el həsrətindən

Kürəyim od tutub alışanda gəl.

.

Unutma elin var, oban var sənin,

İsti ocağın var, yuvan var sənin.

Döyüşə hazır ol, davan var sənin,

Həsrət ürəyinlə savaşanda gəl.

.

Bir payız əlvida söylədim yurda,

Yurd qaldı kafirə, yağıya, qurda.

Qışa bərabərdir fəsillər burda,

Qış, güllü bahara qovuşanda gəl.

.

Bəturə, bu sevda yıxacaq səni.

Saldı saçlarına vaxtsız ağ dəni.

Saymaqla qurtarmaz məndən gedəni,

Dərddən dərdli könlüm alışanda gəl.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir