Nat-i Şərif
Adını söylədim
Sözlər toxum qoydu
Dil çiçəklədi.
Dillə sözün arasında
Qabıqla özün arasında
İşıqla nurun
İsrafillə surun arasında sən varsan
Ey adına ad yaraşmayan
Ucalığına ucalıq
Ülviyyətinə ülvilik yetməyən
Getməyən gözümün didəsindən
Binəsindən varlığın
Darlığın hikmətində nəfəsim
Səsim qəribsəyər dilimin üstündə
Qəsdinə durar zaman surətimin
ətimin qanımın sonu bir heç
puç olur həvəslərim darağın dişlərində
işlərində fələyin ziya arar nur gəzərəm
sezərəm varlığını varlıqlar arasında
sırasında nur yaradılanların
onların varlığına can qatdı nəfəsin…
Adını söylədim
Sözlər toxum qoydu
Dil çiçəklədi.
Nəfəsin kəhkəşanda iz saldı
Arxanca baxıram baxıram.
İşığından gözlərimə nur aldım
Nurunla gedirəm aram aram.
Üzümə bax, məni gör, can qat quruyan torpağıma
Sorağıma soraq ver, ey sidreyi müntəhayı aşan
Ey zamanların sonuna varan
Yaran sərhədləri sədləri
Varan əbədliyin sərhəddinə.
Mən bir toz dənəsiyəm
qapılıb rüzgarına sovruluram
çevir içimdəki atəşi nura
bir ovuc qor olum səcdədə
alışsın eşqinlə yeddi rükünlü torpaq
mən zavallı bir toz dənəsiyəm
ayağın altındakı torpaqdan buxarlanan
mən bir nur köləsiyəm
ilahi eşqinlə buxovlanan.
Adını söylədim
Sözlər toxum qoydu
Dil çiçəklədi
2014
Bu şeir 2014-cü ildə Türkiyə səfirliyinin təşkil etdiyi Nat (Hz.Məhəmməd peyğəmbərə həsr olunan şeir) yarışmasında mükafat almışdı.
I love the actionable steps you’ve included; it makes implementing your advice easier.