Açılır üfiqdə bir Təbriz
Yazbaşı qar altından bənövşə boylanan kimi
Məsum,
tarixin üzündə güləbatın,
Yer kürəsinə işlənmiş miniatür-
İçində güllərin, bülbülərin fəgan etdiyi miniatür.
Daş atsam çalxanar qu gölü kimi,
Göllərinə ayna deyəməm,
Ulduzları əks ettirən ayna.
Sularına sığal çəkəməm,
codluğu can yaxan sularına.
Təbrizim, Təbrizim,Təbrizim, derkən
Sözlər xumarlanırkən ağzımda-dilimdə
Yad bir nəfəs dolanır başının üstə.
Düşməz sənə iz,
Bu nə sirdir, bu nə giz?
Adın ruhumu deşən biz,
Təbriz, Təbriz.
Varlığın tariximin təsəlli yeri,
Haydı dikəl, durma geri.
Düşmür üstə kölgələri
Bayrağımın,Təbriz.
Hikmətinə həyan olam,
Dərdlərinə dəvan olam,
Qamışların çöllərə
Üflədiyi nəvan olam.
Təbriz, Təbriz,
Sənə solğun bənizli qız deyəməm,
Torpaqdan fışqırar şəhid qanları!
Göy çəkilər, yalın qalar al günəşin gözləri
Görməz,
qılınç kimi sıyrılar göy üzünə dağları.
Assam özümü bu hilalın qövsündən,
Dalğalansa saçlarım azadlıq rüzgarında
Hər teli bir bayraq,
Bayraq- bayraq
Göz düşsə üfiqdəki yalnızlığıma
Qurd gözünün parıltısında
Əks edər səsim,
Səs salaram qurdun ağzına
Təbriz, riz iz iz iz iz iz…..