21 Kasım 2024

ŞEİRLƏR

***

Uzun yoldan gələn var…

Fevral soyuğunda

qəlbi isidən sarı xatirələri

bir nəfəsdə silən var…

dəstəyində hər çırpılan qapının

izi qalmaz gedənin…

uşaq deyil hər çərpələng uçuran…

Köhnə şəkillərə danışırıq dərdimizi,

“bütün dövrlərin romanları”nda  

axtarırıq  həmdərdimizi,

Yüz heyf,

Ürəyiyumşaq deyil tanımadığımız hər romançı…

Biz belə itiririk güzgülərə güvənməyi…

Biz belə qazanırıq  daşlara könül verməyi…

Axtarırıq oxuduğumuz hər kitabda:

“sevdiyini necə öldürməli içində?”

…Bir gün bacaracağıq “qatil”  olmağı…

…Gün gələcək,

“böyüdülər” deyəcəklər bizə də…

O gün gələcək…

O gün;

“Gül rəngi dünyaya gülümsəyəndə…”

“Yorğan davası bitəndə…”

“Dağlı qızı  gönü suya verib geri dönəndə…”

O gün gələcək…

(2020)

***

Adamlar ağaclara,

Adamlar buludlara

döndülər  ürəyimdə…

Ümid asdım budaqlardan,

Şeir yazdım…

Uzaqlardan

Gözümə gözəl dəydilər…

Qaçdım…

Qaçdım adama tərəf…

Qaçdım ağaca tərəf…

Bar vermədi budaqlar…

Budaqları soyuq-soyuq

Baxışlarla əydilər…

Budaqları qırıb-qırıb;

Ürəyimə dəydilər…

Asdım…

“O”nu asdım budaqlardan…

“Mən”i asdım budaqlardan…

Buludları hayladım,

Buludlara ağladım…

Buludlar rəng dəyişdi,

Hər fəsillə əyişdi,

Bircə ovuc yağmadı…

Mənimlə ağlamadı…

…döndülər  ürəyimdə

Ağaclara adamlar…

Buludlara adamlar…

Kimini xəzan vurdu,

Kimini fəsil yordu,

Bir gün də yox oldular…

Bir gün də yox oldular…

***

…Tellərimin ağrıyan,

Mənim ölən yerimsən…

Ulduzları sayıram

-milyonlardan birimsən…

Bu ağrıyan telimdən

Üç seçib-bir ayırıb

Ulduzlara göndərsəm,

Divin ayaq izindən

Bir tutam qar ayırıb

İzlərinə üfürsəm

Nağıl olarmı, görən?

…şeir olarmı, görən?

…bu qış gecəsində

Nağılım-noğulum ol…

Laylamın hecasında

Nur payım-oğulum ol…

Qızıma bəxt düzəldim-

Qarda bir beşik çəkim…

…əhd edim, qar ərisin,

Dərdimə ümid əkim…

Bu yaz döyüm qapını,

Deyim ki:

-Bax, gəlmişəm…

Gözümdə beşik şəkli,

Dilimdə “ah”…

Gəlmişəm…

Bir bayatı çək mənə…

Bir şeir də mən qoşum…

Nənəmin adın söylə,

Yaddaşımda cüt qoşum;

Xatirələr ələnib,

Urasında ümidim

Taleyə əsir qalıb…

…yenə yada düşmüsən…

Yəhərləyib həsrətin

Qara köhlən atını

Sənlə keçən hər günün

Sorağına düşmüşəm…

Xatirə xurcunumun

Naxışlı saçağında

Saçın ucun hörməyə

Bir salxımlıq yer qalıb…

Neynim… bu da taledi…

Dərdimin yaddaşında

nənəmdən bir bayatı,

Səndən bir şeir qalıb…

2021

***

Ətəyimə daş yığmışam

Getdiyin yolun ağzından…

Özümü daşa qatmışam,

Keçib xoş günün azından…

Axtara-axtara gəlib

Ömrün qışına çatmışam…

Gölməçələrdə göllənib

palçıqdan “sən” yaratmışam…

tikdiyim donun düyməsiz,

ümiddən ilgək qoymuşam…

ömürdü…

öysüz-öyməsiz;

adını “gerçək” qoymuşam…

Ağrı…

Payız…

Dərman…

Şəki…

…Saçın sayır iki dəli…

…Yaman gülür güzgüdəki:

-Hardasan, ay Şəfa Vəli?

2021

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir