ŞEİRLƏR
BU, MƏNƏM…
Bu mәnәm a kәndim, tanımadınmı?
Bu hәmin Mәmmәddir—
bir az sınıxıb,
Bir az sıxıb onu şәhәr havası,
Dәrmanı dağların sәhәr havası.
Mәni tanımayır tәzә cavanlar,
Özümü çıxmışam yaddan, adımı?
Sәnin qucağında arzuladığım
Günlәrdәn qayıdıb gәlmişәm sәnә
Bu mәnәm, a kәndim, tanımadınmı?
UNUTDUĞUN YERDƏYƏM
-Bahar, hardan gәlirsәn?
-Haqqı bulduğum yerdәn.
-Yaz, hayandan gәlirsәn?
-Yaşa dolduğum yerdәn.
-Güz, hayandan gelirsәn?
-Xәzan olduğum yerdәn.
-Qış, hayandan gәlirsәn?
-Unudulduğum yerdәn.
Ötәn ömrün yasında,
Quzey yaxasında mәn.
Gün bulud arxasında
Gurbәt arxasında mәn.
Varmı vәrәn bir soraq
Nerdәyәm mәn, nerdәyәm?
Yaddaşına yaxşı bax,
Unutduğun yerdәyәm.
*****
UNUDULMUŞ LİMANLAR
Ümidləri kül olub saqqalında, saçında
Buludu tüstü bilər vaxtsız sönən ocaqlar.
Qismətinə düşən nə qərib yol ayrıcında
Qatarları yan keçən səssiz dayanacaqlar…
Görünən əməlimi görünməz mələklərin
Ömrün durğun gölündə qəfil fırtına çıxdı.
Çox şey vardı içində gələcək diləklərin,
Bircə qürbət yoxuydu, o da kartına çıxdı.
Gediş-dönüş yolları…Köçəri quşlar…Səma!
Göydən xəbər almada yer durna lələyindən.
Hicrət günortasından ömür düşdü axşama
Xəbər gətirəni yox səhər gələcəyindən..
Gecənin qucağında tənha bir bayquş səsi,
Özünə yoldaş gəzər əzik giley-güzarı.
Nə keçmiş geri dönər, nə gələcək gələsi,
Ürəyi – sevənlərin tərk edilmiş məzarı…
Sızım-sızım sızlayar dağlanmış bir ney kimi
Duyğuları qürbətin yağmurundan, qarından.
İlham ənginlərində arayışlar peykimi
Yeniliklər boylanar əski misralarından!
Heç əzəldən yoxuymuş səsi-sorağı sanki,
Soruşsan, xəbər verən tapılmaz həyatından.
Sahildə unudulmuş limanmış. Bir liman ki,
Yan almaq gəmilərin çoxdan çıxıb yadından…
***
SƏNDƏ KİTABIM VAR ÜSTÜNDƏ ŞƏKLİM
Axşamlar canını sıxanda təklik,
Xışıltı salanda xəfif varaqlar…
Səndə kitabım var, üstündə şəklim,
Gah sən ağlayarsan, gah şəklim ağlar…
Xəyalın yadından çıxan misrada,
Kitab həsrət qalar kitab rəfinə…
Oxuyub bağrına basarsan, ya da
Atarsan yatağın bir tərəfinə…
Nigaran ürəyin durmaz yerində,
Qatıb-qarışdırar ərki, naz ilə:
Sənə yazılmayan şeirlərim də
Sən elə istərsən sənə yazıla.
Bu dərdi nə çəkər ürəkdən özgə,
İçində başlayan hava küləkli.
Gözünün yaşını tökməkdən özgə
Əlindən nə gələr bir quru şəklin.
Dəyişik düşdümü baharla payız,
Çiçəkli bağlarmı meyvəli bağlar?
Yerimi verməz ki bir parça kağız
Gah sən ağlayarsan, gah şəklim ağlar…
Yanılar yalana ümid bağlayan…
Bu da bir atalar sözüdü yoxsa.
Bilməz ki, güzgüyə baxıb ağlayan,
Yaş tökən güzgüdü, gözüdü yoxsa.
Ümidi kəsilən ömür hədərmiş
Verdin ürəyini o hədərə sən.
Kədər!
Səndən mənə qalan kədərmiş
Məni qısqanarsan o kədərə sən…
İndi nə deyirsən, tərsa diləklim
Başqa söz deyərdin sən ayrı vaxtlar.
Səndə kitabım var, üstündə şəklim,
Gah sən ağlayarsan, gah şəklim ağlar…