04 Temmuz 2024

SEVGİ CİLOVLANMAZ

(fantastik-mistik hekayə)

1-ci kitabdan 1-ci hissə

Mənə yəqin ki, dəli deyirsiniz!

Kimin ağlına belə bir şey gələr?! Axı kimin ağlına gələ bilər?! Kimin ağlına gələr ki, kimsəsiz bir təpəyə sığınan bu ilanın balası insan kimi bir insana valeh olar, insan olma acısını duyar! Bu hadisə o qədər heyrətamizdir ki, eşidəndə adamın ağlı qarışır, bütün vücudu əsir!..

 Boz təpədə çovğundur, yel uğuldayaraq sanki fəryad edirdi. Küləyin hikkəli uğultusu zaman-zaman çovğunun, tufanların aşılayıb təmizlədiyi bərkimiş boz təpələrdən heç nə qopara bilməsə də, onlara çırpılmaqdan yorulmurdu. Qara daşın göbəyində isə bir ilan özünə yer etmişdi. O burada qıvrılıb insanlara baxırdı. Boyu kişi boyundan hündür, bədənində bir neçə xal olan ağ ilan…

  Cindi-Çap adlanan yerdə, qayalıqlar arasında, yerin dərinliyində yuva qurmuşdu. Oraya insan əli çatmaz, quş belə səkə bilməzdi. O, burada, bu qayalıqlar aradında yaşayırdı. At yarışı məsafəsi qədər olan bu torpaq haqqında insanlar əzəldən bəri bir əfsanə danışırdılar…

Deyilənə görə, bir vaxtlar bu təpə gül-çiçəklərlə örtülmüş yaşıl bir yer olub. Çılpaq qayanın yanında bulaq çağlayırmış, gənc qadınlar bulaqdan aşağıdakı şəlalədə yuyunurmuşlar. Və bir gün… həmin gün o kəndin başına bu müsibət gəlir. Quldurlar hər tərəfdən müdafiəsiz adamlara hücum edirlər, kəndi yandırır, külünü göyə sovururlar! Suda yuyunan qızları mühasirəyə alır, əsir götürmək istəyirlər. Qızların arasında bir sehrbazın yeganə qızı da vardı. Bu sehrbaz yayda qar yağdıra, qışda bülbülə nəğmə oxutdura bilən bir sehrbaz imiş. Qız da atasından bir çox sehr öyrənibmiş.

Qız deyir: “Gözləsək onlar bizi əsir alıb sonra da başımıza oyun açacaqlar!” Xalqımıza düşmən olan qatillərin əlinə düşməkdənsə, gəlin ölümə pənah aparaq!” – qız atasından öyrəndiyi tılsimlərin ən ağırını qarğışlarla qarışdıraraq oxuyur. Bu zaman yer qarışır, bir anın içində qaranlıq çökür, göylə yer arasında şimşək, ildırım çaxır, dağlar yerindən tərpənib dağılır, yer yerindən oynayır! Bir bəla gəlir! Sıldırım qayalar bir-birindən ayrılır, qadın və qızlar, quldurlar silahları, atları, paltarları qarışıq hamısı o qayanın içinə girirlər. Budan sonra bu təpə bax, belə ağlayır, şəlalə, bulaq quruyur. Bu zülmün qarşısında, əlbəttə, qurumalı idi.

Artıq heç kim ora gedə bilmir. Burada, yerin altına girən bütün canlılar, heyvanlar bir daha çölə çıxammırlar. Buna görə də bu yer Dəli-Çap adlanır və buraların yalnız ilanlar məskəni olduğu deyilir!

                                        ***

 Haqqında danışacağımız ağ ilanımız da o ilanların vətənindən gəlib. Sanki Allah onun taleyinə bunu yazmışdı və o, uşaqlıqdan insana yaxın idi. İnsanlar getdikləri yerlərdə dövrə vurar, qayalıqların arasında gəzərdi. O, insan cəmiyyətinə yaxınlaşdıqca, cəmiyyətin insanlığa sığmayan tərəflərini də görürdü və bunlar ona çətinliklər yaşadırdı. Bu gedişlə, onun həyatı, getdikcə mürəkkəbləşir və axırının nə olacağı bilinmirdi…

                                                       ***

Tufanın uğultusu hələ də səngiməmişdi. Hava yaxşı olsaydı, indi günorta olduğu, günəşin üfiqdə olduğu görünərdi. İlan havanın sərtliyinə və çovğuna məhəl qoymadan inadla insanlara tərəf getməyi gözünün altına almışdı. O, əvvəlcə qıvrılaraq, sonra isə düz şəkildə  yeyincə sürünməyə başladı. Tər-avand əsən küləyin qaldırdığı toz-torpaq onun hərəkətinə mane olsa da, o buna fikir vermədən irəliləyirdi. Üstünə yığılan qumu silkələnərək üstündən atırdı. İçindəki həsrət onu ilhamlandırır, ona güc, qüvvət verirdi.

 Ah, o payız hadisəsi olmasaydı, indi heç kim bu inadkar ilanı dayandıra bilməzdi! O, həmişəki kimi kəndə qədər heç bir maneəyə rast gəlmədən sürünə bilərdi. Belə olan halda, hətta Qızmonçoq da onun gəldiyini hiss edib, əlindəki yaylığını və qırmızı paltarının ətəyini, qollarını yelləyərək yola qaçardı! İlan da onun dalınca gələrdi. O qızı görməsəydi, evə özünün saldığı cığırla girərdi!

 Yaxşı insanlar kimi uzun müddət qucaqlaşardılar! Qızmonçoq sevinclə Canla qucaqlaşar və tanqodakı kimi dövrə vurardılar. Onları bu halda görən ata-anaları sevinsinmi, yoxsa kədərlənsinmi, bilmirdilər. Qızmonçoqun qollarından sürüşüb Asılbeklə Sırqanın ayağına tərəf gələndə onun üzü uşaq üzü kimi məsum, gülümsər olurdu. Həsrətini gizlədə bimirdi. Onlara da sevgi ilə nəvazişini göstərirdi.

Sırqa ərinin yanında bir az tərəddüd etdi, amma salam verdi:

 – Necəsən, Can? Yaxşısanmı?.. – mehribanlıqla gülümsədi. Yalnız bundan sonra Asılbek dedi:

 – Gəlmisən?!

 Ancaq təkcə onun sözlərindən ilan çox şey başa düşdü. Bilməsə də, yenə də nədənsə… bəli, ata kimi, ya sadəcə, bir insan kimi… Ruhun sirri…Ruha qarşı gizli bir istilik və şəfqət hiss olunurdu. Eyni zamanda Asılbek ilanın hər yaz belə qayıtmasını istəmirdi.

 Qızmonçoq Canla bir kənara çəkilib uzun müddətli həsrətdən sonra gözlərini yumub fikirlərə dalırdılar.

Qızmonçoq daha sonra ilandan qışı necə keçirdiyini soruşdu. İlan çaşqın idi. Necə deyə bilərdi ki, bütün qışı hər şeyfdən xəbərsiz yuvada yatıb?! Bu, yuxu görən məxluqa ağır gəlirdi, çünki o, artıq Qızmonçoqun qarşısında heyvan idi. Qız onun gözlərindən nə düşündüyünü oxuyurdu. İlan da dostunun nə düşündüyünü, onun gözlərindən nə gizlətdiyini görürdü. Qız yenə gülümsəyib onu yanağına sıxır, məmnun halda onu sığallayır, oxşayır, məhəbbətlə baxırdı.

– Bəlkə o zaman mənə yazığı gələr? – İlan fikrində dedi, “Bəlkə də…” Axır ki, qız daha heç nə soruşmadı. Özündən danışdı. Deyirdi ki, qışda da sənin üçün darıxıram, onu neçə dəfə yuxuda görüb, hətta onun şəklini betaranın-tikmənin üzünə naxışlayıb, o yükün altından kiçik, gözəl bir sandıq çıxarıb irili-xırdalı xeyli tikmə çıxardı. Üzərində müxtəlif ilan təsvirləri olan ağ paltarlar. İlan onların hər birinə baxır, qızın sənətkarlıq məharətinə heyrət edir, onun ağ, balaca, yumşaq əllərinə heyran olurdu. Amma daxilində görünməz bir hiss vardı.  Bu hiss onun içini yandırırdı! Onun da belə əlləri, ayaqları olsaydı, Qızmonçoqa bir neçə hədiyyə həsr etməzdimi!

 Xəyallarının bu məqamına gələndə yenə ucadan fısıldadı və uzun müddət ah çəkdi: “Qışşş!..” – deyə Can inildədi.

Nədənsə ona elə gəldi ki, vaxt keçmir, dayanır, sonra özünü narahat hiss etməyə başladı. Yenidən xəyallardan ayrılıb başını aşağı saldı və kəndə tərəf baxdı. Bir-iki kəndlidən başqa heç kim və heç nə gözə dəymirdi!

Birdən ilanın ağlına nəsə gəldi və o ayağa durdu.Hər şeyi riskə atdı. Sürətlə dönüb kəndə tərəf götürüldü!

 Payızdan yaza qədər keçən vaxt elə bil bir əsrə bərabər idi.  Həsrəti o qədər güclü idi ki, bədəni başından qabaqda gedirdi.

Yerə dəymədən şütüyən ilanı dayandırmaq mümkün deyildi! Onun qarşısına bir şey çıxsaydı, kim bilir nə olardı?!

                                                 ***

 Ox şəkilli ilanın gözləri önündə çatma qaşlı qız canlandı. Onun qırmızı geyimini külək yelləyirdi. Bunun ardınca isə qızın səsini eşitdi. Amma səs çatmadı, çünki külək ortadan əsdiyindən səsi itirirdi. O hiss etmişdi, qızın burada olduğunu bilirdi! Ona görə də Qızmonçoq da onun gəldiyini hiss etdi, bir növ təcili işarə verdi və bundan sonra nə olacağını danışmağa başladı! Beləliklə, onu sinəsindən itələyən külək də səsə qulaq asır, nəfəs alırdı!

Tezliklə külək yavaşıdı …

İlan dayanıb qulaq asdı. Amma yenə də küləkdən qızın səsini tuta bilmədi. Onun sözlərini sanki külək alıb aparırdı. O heç zaman tufana, borana məhəl qoymazdı. İndi isə əsəbiləşdi, əsəbiləşdi, çovğuna qəzəbləndi! Ona görə də o, ağır bədənini çətinliklə dartıb axırıncı uçuruma çatdırdı, yarıya qədər uzanıb aşağı baxdı.

                                               ***

 İlanın dayandığı bu təpədən kənd ovuc içi kimi aydın görünürdü. Təpənin bir tərəfi güney olduğundan, ətəyi əsl yay idi. Daha sonra kənd evləri başlayırdı. O evlərdən bir az kənarda olan, üstü qamışla örtülmüş yastı boz damlı, maral gözü kimi parıldayan pəncərəli ev ilanı xüsusilə cəlb edirdi. Özünü ona daha yaxın, öz evindən də yaxın hiss edərdi. Üstəlik, ev ilan üçün yalnız o evin yerləşdiyi yer deyil, həm də orada yaşayan insanlara  münasibəti ilə yadında qalıb.

 Axşam o pəncərədən çəhrayı bir işıq düşürdü.

 Yaxından baxsanız, görərsiniz ki, ortada bir ocaq yanır, onun işığında alnına yaylığı bərk- bərk bağlamış arıq, solğun bir gənc qadın xəmir yoğurur, ya da qab qacaq yuyur. Evin sahibi – hündürboylu, enli kürəkli, bu şən adamı ilan sevirdi. Bəzi insanlar kimi həmişə dayanıb durmurdu. Axşamlar o komuz çalar, bəzən biləyini üzünə tutub uzun müddət bir melodiya çalardı. Belə olan halda xanımı gördüyü işdən əlini çəkər, ərinə iltifat göstərib məmnunluqla baxardı. Əslində, ilan əvvəlcə Qızmonçoqu təqlid edirdi, sonra isə həqiqətən, bütün bədənini açır, Asılbekin qabağında bükülür, bəzən də melodiyaya qulaq asmaq üçün başını qaldırırdı.

Bütün bunlar ilan üçün təsvirolunmaz sevinc və gözəl anlar idi! Qızmonçoq üçün isə daha sevincli, fərəhli idi! O, uşaqlıqdan komuz dinləməyi çox sevirdi. Atasının sağ dizinə yaxın oturaraq gah onun qarşısında oynayır, gah da komuzun simlərində oynayan barmaqlarından gözünü çəkmədən sehrli taxtadan çıxan ecazkar səsin aləminə düşərdi. Atası Qızmonçoqa uşaqlıqdan musiqini aşılaya bilmişdi. O komuzun ecazkar səsinə heyranlıqla və böyük sevgi ilə, heyrət ilə qulaq asardı. Gözləri atasının komuzun simləri üzərində sürətlə gəzən barmaqlarını heyranlıqla seyr edərdi.

    Kənd sakinləri Qızmonçoqun uşaqlıqdan daha ağıllı və fərasətli olduğunu deyirdilər:

“Oğlan kimi bir qızdır” deyirdilər. Qızın paxıllığını çəkirdilər. Ana isə qızına nəzər dəyəcəyindən ehtiyatlanaraq deyirdi:

 – Dəli oluram da! Niyə bu uşaqdan bu qədər danışırlar? Allah, balamı bəd nəzərdən, kəm sözlərdən qorusun! – deyərək Sırqa ana qızının boyunu sevərdi. Qızının tez böyüməsini istəyirdi.

Lakin Qızmonçoq yetkinləşəndə də insanların gözündən və sözlərindən yayınmadı. Əksinə, onun haqqında getdikcə daha çox “şayiələr” və söz-söhbətlər yayılmağa başladı. Ən çox da qızın gündə bir dəfə tək başına dağa  çıxması camaata müəmmalı gəlirdi! Bunu ilk dəfə görənlər:

– Bu qızın bədəninə cin girib, o cinlərlə oturub durur, -deyirdilər! Günun günorta vaxtı qız öz-özünə danışaraq kənddən kənara uzaqlaşırdı!

 Bir başqaları deyirdi:

– Yox, onu aparıb gətirənlər var! Qulyabanilər sağ-salamat aparıb gətirirlər! – deyirdilər. Son zamanlar belə şayiələr yayılmağı dayandırıb:

– Yox, -deyirdi bəziləri,- Qız deyir ki, ilanların dilini bilir. Camaatdan gizlin tək gedib ilan paltarı geyinir!

– Sən deyəsən, heç nə başa düşmürsən! Qız hamilədir! Özü də ilandan! Deyirlər ki, əjdaha aya və günəşə çatanda qadına çevrilir! –  deyirdilər və qorxdular, nə olacağından narahatmış kimi səssiz danışırdılar. Bu yaramazlar Asılbekə böhtan deməyə, arxasınca daş atmağa başladılar?! Haqqında qeybətlə uydurdular.  

İlan bunları düşünərkən gözlərini bağlayaraq havanın qaraldığı vaxtı gözləyirdi.

Bədənini silkələyib dərindən nəfəs aldı, bir tərəfdən diqqətini yayındırmaq, digər tərəfdən də keçmişi bir daha ölçüb-biçmək, araşdırmaq üçün bütün həyatını gözləri önündə canlandırmağa başladı. Qızboncoq dağa daha ehtiyatla qalxırdı. Bu bədxah insanların dedi qodusundan qurtarmaq mümkün deyildi. Amma ona təsəlli verən bir sevgi vardı. Əsil sevgi!

(Davamı var)

Qırğızcadan çevirən ELLİ ATAYURD

3 thoughts on “  Qırğız yazarı Jipar İsabayevanın hekayəsi

  1. Азербайжан элинин белгилүү акын-жазуучусу,тарыхчы Елли Атаюртка мыкты котормо эмгеги үчүн терең ыраазычылык билдирем. Бул сайттын жамаатына жана Азербайжандык окурмандарыбызга баардык жакшылыктарды каалайм.Чыгарманын жаралышына себепкер болгон кыргызстандык окурмандарыма терең ыраазычылык билдирем. Улуттар аралык көпүрө катары адабияттын, маданияттын сапары арыбасын.
    Azərbaycanın tanınmış şair-yazıçısı və tarixçisi Yelli Atayurda mükəmməl tərcümə işinə görə dərin minnətdarlığımı bildirirəm.Bu saytın ictimaiyyətinə və Azərbaycan oxucularına uğurlar arzulayıram.Əməyi keçən qırğız oxucularıma dərin minnətdarlığımı bildirirəm. əsərin yaranmasına.Ədəbiyyat və mədəniyyətin beynəlxalq körpü kimi səyahəti heç vaxt bitməsin.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir