SEVGİ CİLOVLANMAZ
(davamı, əvvəlini saytın keçən tarixindən oxuya bilərsiniz)
Bəli, bu somo kimi olan ağ ilan balaca, arıq ilan idi! Qız da hələ yeriyə bilmirdi, ana döşündə körpə idi. İkisinin yaxınlığı o günlərdən başlamış və getdikcə məhəbbətləri şirin hisslərə , saf məhəbbətə çevrilmişdi. Nəhayət, ürəklərində sözlə ifadə olunmaz bir münasibət qurmuşdular. İnsan və ilan taleyi. Nə qədər çətinliklər yaşadılar, acınacaqlı nəticənin ağrıları…
O günlər hər ikisinin ən gözəl günləri idi.
Bu dünyanın qaydaları olmasaydı, hər kəsin öz taleyi, iki fərqli həyat tərzi olsa da, birinin insan, digərinin heyvan olduğunu belə düşünmədən, bəlkə də eyni duyğuya boyun əyərdilər. Sevgi ilə dünyanı birlikdə gəzmək, dolaşmaq?! Amma Həyatın qanunlarını dəyişmək mümkün deyildi. Bu dünyada doğulduqdan sonra onun qanun və qaydalarına tabe olmaq vacibdir. Ona görə də insanın insan, heyvanın isə heyvan qalması daha yaxşıdır. Bu qaydalar olmasaydı, onlar sevgi dolu həyatlarını birgə keçirər, dünyanı, kainatı bir yerdə dolanardılar. Amma haradan…
Dediyim kimi, bu hekayə belə başladı…
Bir ilan balası qurşağa qədər qalxan otların arasında çəmənlikdə oynayıb əylənirdi. O şıltaq və çox oynaq idi. Sürünməyi öyrənəndən sonra bir yerdə durmazdı. Üstəlik, digər ilanlardan bir qədər fərqli idi! Belə ki ətrafdakı gözəlliyə biganə deyildi, insanlar tərəfə çox meyl edirdi. Ana ilan əvvəlcə bundan qorxurdu, balasını nə qədər danlasa da, nə qədər insanlardan,gözəllikdən əylənməkdən çəkindirmək istəsə də, o buna nail ola bilmədi. Axırda təslim oldu. Bala ilandakıbsevgi , məhəbbət duyğuları ana üzərində qalib gəlmişdi.
Gözəlliyi sevən bu balaca, qaçır,durur, buludları seyr edir, göyün gözəlliyini, bulağın axmasına, şırıltısına qulaq asırdı. Qırmızı çiçəkləri seyr edirdi. Hündür daşların üstünə çıxırdı. İnsanların yaşam tərzinə baxır, onunla əylənirdi. Bu ikiayaqlı və dördayaqlı məxluqları niyə sevdiyini bilmirdi.
Bəzən özü də insan olmaq, insanlarla qaynayıb-qarışmaq istəyirdi.
Xüsusən də caylooda-yaylaqda bu boz ev-yurt tikildiyi gündən. Hər gün səhər tezdən günəşlə yarışır, genəşin çüalarından tez daşlı yerə çıxırdı və tənha bir çınqılın üstündə sürünürdü. Xüsusilə hündür daşların üstündə gəzməkdən xoşu gəlirdi. O, gözlərini parıldadaraq uzun müddət ətrafını izləyirdi, insanların hər hərəkətinə, yerişinə diqqət edirdi. Lakin hələ çox şeyi başa düşəcək qədər ağıllı deyildi. Ona görə də bəzən təkcə beyninə deyil, bütün bədəninə: “Niyə?,” “Nə üçün”- sualları verirdi.
Onun sevmədiyi bir şey vardı, niyə hamı ondan qorxur. “Niyə?! – ilan oğlan həmişə düşünürdü, – Mən onlara nə pislik etmişəm?l! Əksinə, mən də tullanan quzularla, çəpişlərlə, buzovlarla, qulunlarla, balaca oğlanlarla, qızlarla oynamaq istəyirəm. Hətta bu körpə ilan onun üzərində uçan qanadlı quşa heyran qalırdı. O da quşlar kimi qanadlarını çırpıb göylərə qalxıb uçmaq istəyirdi.
Amma ilanı heç kim başa düşmürdü. Kim ona rast gəlirdi, ondan qaçırdı. Onun uzandığı daşlara yaxınlaşan adamlar, oyy- deyərək hərə bir tərəfə qaçırdılar. Yazıq ilan. Onun bu durumunu təsəvvür etmək çətindir. İnsanlarla üz üzə gəlmək ona çox çətin idi. Bir dəfə o heç özü də bilmədən düz kəndin içinə gəlmişdi. Böyük bir yurtun(evin) qabağında dayandı. İçəridən qazan-tava şaqqıltısı, insan hay küyü, qadın gülüşləri eşidilirdi. Bu səslərə uşaq səsi qarışmışdı.
Hər şey ona tanış görünürdü. Elə bil keçmiş həyatında bütün bunları eşitmişdi.
İlan balası çaş baş qalmışdı. Neçə vaxtdır səbirsizliklə gözlədiyi bu evə indi girirmiş kimi dayanmışdı, amma hansısa gözəgörünməz qüvvə onu tutub saxlayırdı.
Elə bu vaxt bir adam qəfildən evdən çıxdı və onu gördü.İkisi də uzun müddət gözlərini bir-birindən çəkə bilməyib, bir-birlərinə baxdılar.
Asılbek indiyə kimi çox ilan görmüşdü. Amma bu ilan digərlərindən tamamilə fərqli idi – ağ ilan idi. Cəmi iki və ya üç qarış uzunluğunda olan bala ilan!
Hətta Asılbek, dayanıb baxmasaydı, onu çubuq kimi bir şey hesab edəcəkdi, zərərsiz bir şey kimi görəcəkdi! Asılbek onun ilan da olsa, gözlərindən ziyansız olduğunu gördü. Amma onu yenə də bir vahimə,qorxu basdı. İlan lap qabağında idi. Üstəlik, düz qapının ağzında olan evə baxan və həvəslə içəri girməyə cəhd edirdi. Asılbək ilana “Dur-r!” dedi. Bu söz onda xoş, həm də xoşagəlməz və qeyri-müəyyən bir hiss buraxdı. Ona elə gəldi ki,o Asılbeki haradasa görüb.Bu onun insanla ilk qaşılaşması idi.Yuxusuna girdiyi vaxtdan her zaman onu dusunurdu, bilmirdi bu yaxsıdı yoxsa pis.
Əvvəlcə bala ilan axmaq kimi yerə uzandı və adamın bütün hərəkətlərinə məhəl qoymadan ona baxdı.
Bu vaxt Asılbek dəmir belə tərəf cumdu, onu götürüb hirslə ilana tərəf fırlatdı.Bala ilan arxasında lapatkanı hiss edərək dala belə baxmadan qaçmağa başladı. Lapatka göydə uçub onun arxasında yarıya qədər yerə saplandı. Əgər ilanın ilan cəldliyi olmasaydı,yəqinki ülgüc kimi iti lapatka onu iki bölmüşdü.Bu bir anda baş verdi. İlan geri çəkilərək qəzəblə-“Mən sizə nə pislik etmişəm” dedi. Öz sualına cavab tapmamış öz-özünə dedi-“Kaş böyük ilan olaydım”. O gəldiyi yerə tərəf getməyə başladı.
“Mən iri ilan olanda!..” deyə içindən mızıldandı, amma fikirləşdi ki, böyük ilan olsa belə, insanı insanın ilanı təhqir etdiyi qədər təhqir edə bilməz. İnsana bağlanmaq bir yana qalsın, insanla heyvanı ayırd edə bilməyən naməlum böyük qüvvə tərəfindən aldanılmışdı?..
Balaca ilan beləcə sərt qayalığa qədər gəldi və orada dayandı, arxaya dönüb baxdı. O bərk hirslənmişdi. Hirsindən , əsəbindən bura necə çatdığını belə bilmədi.
Bu zaman artıq günəş dağların dalında gizlənmişdi. Kəndin yarısı işıqlı görünsə də ,yarısı kölgədə qalmışdı. .Bir azdan sonra qaranlıq qarışacaqdı. Gecə düşürdü. Canlı aləmlə bərabər hər şey yavaş yavaş yuxuya gedirdi. Ətrafa sakitlik çökürdü. Amma bala ilan bunu istəmirdi! O nədənsə həmişə işıqlı gündüzü istəyirdi. Həmişə hərəkətdə olmaq istəyirdi ,aktiv həyatı sevirdi. Səhərdən axşama qədər o gəzməkdən yorulmaq bilməzdi.
***
Asılbek komuzunu dınqıldadırdı. Qızmonçoq öz adəti üzrə atasının yanına iməkləyir və balaca əlləri ilə ona toxunaraq öz dilində nəsə deyirdi. Ata isə gözlərini yumub barmaqları ilə simlər üstdə gəzişərək heyrətamiz bir musiqi ifa edirdi. Qab qacağı yumaqdan başı açılan Sırqa nəhayət , başının şalını düzəldib mehribanlıqla ərinə tərəf baxdı. Sonra o da gəlib ərinin və qızının yanında oturdu. Dərin məhəbbətləilə ərinə baxmağa başladı. Qollarını onun boynuna doladı və üz-gözündən,dodaqlarından öpməyə başladı. Asılbekin komuzun simlərində gəzən barmaqları dayandı, musiqi susdu.
-Canım mənim!..- qadın pışıldadı, – Nə yaxşı ki, sən varsan! Mən sənsiz nə edərdim?.. Sən mənim ürəyimsən, canımsan!..
Xanımının sevgi dolu ehtiraslı pıçıltıları Asılbekə bir anlığa hər şeyi unutdurdusa da , yenə də özünü ələ aldı və komuzunu kənara qoyub dedi:
-Qızmonçoq nə fikirləşər?..
Sırqa üçün fərqi yox idi. O ərinin boynuna sarıldı və onun bir az əvvəl komuzun dayandığı dizləri üzərində oturdu.. Başını onun sinəsinə sıxdı. Qızmonçoq ata-anasının bu hərəkətlərinə sevinirmiş kimi onların üzünə baxaraq gülümsəyirdi. Elə bil ki, onları bir birinə qısqanırdı. Azılbek qızını və xanımını -hər ikisini bərk bərk qucaqladı. Hər ikisini qoxlayırdı, səadətdən sərxoş kimi olmuşdu.
-Yataq daha, can,-xanımına dedi.,- Sən qızı yatırt, mən də bir heyvanlara, mal-qaraya baxım.
Asılbek gələnə qədər, o yatağı açdı və qızı nənnidə yerləşdirdi. Sırğanın qara gözləri qaranlıqda bir az da tündləşmiş görünürdü. Bu ona daha da gözəllik verirdi. Kirpikləri elə bil o gözəl gözlərin keşiyində durmaqdan həzz alırdı. O döşünü qızın ağzına söykədi və gözlərini yavaşca yumdu. Bu hissi ana olanlar bilər. Sirqa beləcə qızı yatırtdı, paltarını dəyişib gecə donunu geyindi. Saçlarını açıb buraxdı və ərinin dalınca çıxdı. Ürəyində bir narahatçılıq vardı.
O lap gecə pərisinə bənzəyirdi. Dabanına kimi ağ geyimdə idi. Asılbek bu totuq bədənli pərisini çox asanlıqla yuxarı qaldırıb qucağında körpə uşaq kimi fırladırdı. O xanımını fırlatdıqca fırladırdı…Dağ mehi də onlarla bərabər həzin bir rayihə yaradaraq onları müşayət edirdi. Ağ donun altından girib saçlarına qədər gedir, onları darayaraq sanki səmaya səpələyirdi. Onlarla bərabər elə bil Ay da, dağ da fırlanırdı. Ulduzlar isə utanırmış kimi gah gizlənir, gah da görünürdülər, sayrışırdılar!
Birdən Sırqa başını Asılbekin çiyninə qoyub gülə gülə:
-Asıke?
-Hə?
– Aya bax, o da bizə baxır.
Doğrudan da, dümağ gümüş sini kimi parıldayan dolu Ayın işığı onların üstünə tökülürdü. Azılbek gülümsəyərək onu özünə sıxdı. :
-Gör necə işıqlıdı! Necə gözəldi! Əgər bir qızımız da olsa,onun adını Dolunay qoyarıq.
Beləcə xəyallara daldılar.
***
Bu gecə onlar bala ilanın yuxusuna girdilər. İnsanın ilandan nə qədər zəhləsi getsə də, onu öldürmək istəsə də, yenə də insan onun xoşuna gəlirdi.
Ağ örpəkli, üstü tikmə bəzəkli arxalıq geyinmiş qadın qucağında körpə tutmuşdu. Ağ dişləri onun gülüşünə xüsusi gözəllik verirdi. Onlar ilana yaxınlaşırdılar. Ilan qaçmaq istəyir ,amma nədənsə başını və quyruğunu oynadır, amma yerindən tərpənmirdi. Bu zaman kişi əyilib ilanə əlinə alır. Qadın onun başını tumarlayır, sonra bütün bədənini quyruğuna kimi sığallayır. Balaca adamçığaz da əllərini ona tərəf uzadır. Sonra onlar dördü də bir yerdə yaşıl otun üstü ilə harasa uzaqlara gedirlər.
***
Səhər açılan kimi bala ilan yuxudan oyandı və şehli otların arası ilə, islanaraq yurta tərəf süründü. O kələ kötür daşların üstünə çıxaraq yenə də yurta tərəf baxmağa başladı. Bala ilan dünənki incikliyi bu gecəki xoş yuxudan sonra unutmuşdu.
Evin xanımı çölə əldə toxunma bir xalı sərdi və beşiyi onun üstünə çıxartdı. Beşikdəki körpənin üzərinə əyilərək əmizdirdi və onun əllərini qundaqdan çıxarıb sərbəst buraxdı.
Beşik, nənni ilan balasının çox xoşuna gəlmişdi. Körpə qığıldanır, əl qolunu or abura atırdı. İlan balasına elə gəlirdi ki, körpə məhz onu çağırır. O yavaş-yavaş özünü itirdi və körpəyə hayıl-mayıl oldu. Ona tərəf hərəkət etməyə başladı. Axır axırda o lap körpəyə yaxınlaşdı. Körpə isə elə bil onu hiss edirdi. O qığıltısını kəsdi və başını ona tərəf çevirib ətrafı dinləməyə başladı. Bununla sanki onu yanına “çağırırdı”. İlan qorxurdu ki, birdən evdən o kişi çıxar, amma evdə xanımdan başqa kimsə yox idi. Qadın evə girdi. Bu fürsətdən istifadə edən ilan balası bir anda beşiyin yanında dik dayandı. Balaca inzancığaz və ilan balası bir birinə səssizcə baxdılar və körpə tezcə gülümsəməyə başladı. Onlar arasında bir ünsiyyət yaranmağa başladı… Körpə əlini ilan balasına tərəf uzadıb ona toxunmağa çalışırdı. Bala ilan isə böyük həvəslə beşiyin dirəyinə sarılıb başını aşağı yuxarı çevirməyə başladı. Bu zaman evdən o qadın çıxıb düz onlara tərəf gəlməyə başladı. Bu zaman qorxmuş ilan ələ keçməmək üçün tez özünü palazın altına soxdu.
-Nəyə gülürsən, gözümün işığı? Humay anamı, mələklərmi güldürür?! -deyib ana uşağı geyindirməyə başladı.- Ümidim mənim,gözəlim mənim! Həə… qızım indi bir candonu, qırmızı tikməli arxalıq geyinəcək. Həə qırmızı qızıma çox yaraşır! Tez cırılsın, tez yırtılsın arxalığın, qızım mənim! Paltarların ömrü uzun olmasın, öz ömrün uzun olsun, həyatım mənim! Bunu mənim əlim yox, pərilərin sehirli əlləri tikib!-Batma, Zuura…
İlan insan olmasa da sürünən olsa da,o da ana məhəbbətini,ana sevgisini anlayırdı. Qızını qucağına alan ana birdən xalçanın altındakı ilan balasını tapdaladı. Balaca ilan dəhşətli bir ağrı hiss etdi. Az qala qadını sancacaqdı.
Həmin gecə bala ilan “evə” getməyib çınqıllıqda gecələdi. Amma o bilmirdi ki, anası narahatdı, onu səbirsizliklə gözləyir. Bilmirdi ki, anası axırda dözməyib onu axtarmağa çıxacaq. Tapmayanda isə gedib insanların evlərini alt-üst edəcək.
***
Gecə.
Ana ilan birbaşa yurta gəldi. Bu ev ana ilana yaxşı tanış idi. O oğlunu axtarmaq üçün bura çox gəlmişdi. Yurtdan adamların danışığı, uşaqların gülüş və arada bir ağlamaq səsləri gəlirdi. “Bunların uşaqları yanındadı, heç bir qayğıları zadı yoxdu!.. Bəs mənim balam?.. Görəsən haradadı?” -Bütün bunları düşünərək ana ilan yurtun dəmir hasarına tərəf süründü. O bütün evin içini işıqlandıran kerosin lampasının işığında iri sobanın içində odunun necə çatırtı ilə yandığını gördü. Sobanın üstündə qazanda nəsə qaynayırdı. İlan fikirləşirdi ki,balası buradadı. O bala ilanın burada olacağını gözləyirdi. Gözləyirdi ki balasını burada tapıb evə aparacaq.Təəssüf ondan bir xəbər yox idi, görünmürdü də. Ananı təlaş bürüdü. “Onu öldürməyiblər ki?” “Bəs hanı?”. Bu fikirlərin içərisində ikən önun gözü önünə balasının cansız bədəni gəlirdi. Bu fikirlər onun canına üşütmə saldı. Oy … aman Allah, sən saxla! Allah eləməmiş, belə bir şey olsaydı, onda o ananı heç kim, heç nə saxlaya bilməzdi.
İlan ana birbaşa qapıya süründü! Səssizcə sürünüb içəri girdi. Onun sakitcə içəri girməsindən gənc ailənin xəbəri belə olmadı. Yalnız balaca körpə qız onun gəldiyini duydu, bir anlığa heyrətlə ona tərəf baxdı və yaxın adamını qarşılayırmış kimi astanaya tərəf qol qanad açdı. Bunu hiss edən ilan nəzərə çarpmamaq üçün yerə döşənmiş keçənin altında gizləndi.
(Davam edəcək)
Qırğız dilindən çevirən ELLİ ATAYURD
Супер
🌹🌹🌹😍😍
Azərbaycanın tanınmış şair-yazıçısı və tarixçisi Yelli Atayurda mükəmməl tərcümə işinə görə dərin minnətdarlığımı bildirirəm.Bu saytın ictimaiyyətinə və Azərbaycan oxucularına uğurlar arzulayıram.Əməyi keçən qırğız oxucularıma dərin minnətdarlığımı bildirirəm. əsərin yaranmasına.Ədəbiyyat və mədəniyyətin beynəlxalq körpü kimi səyahəti heç vaxt bitməsin.