04 Temmuz 2024

(Əvvəli saytın 19 və 23 yanvar 2024 tarixlərində)

(fantastik-mistik hekayə)

Hava tam qaranlıqlaşdı. Göydə artıq Ülkər ulduzları görünürdü. Bu üç nəfərin danışığı da tamam kəsildi. İlan hərdən balacanın imrənməsini və ananın yavaşca beşiyi yelləməsini eşidirdi. Tündükdən səmanı seyr edən Asılbek çevrildi və sulara qərq olmuş kimi dərin yuxuya getdi. Onun nəfəs alması ilanın lap qulağının dibində idi.

Bayırda da sakitlik idi. Atların tappıltısı, təsadüfən kişnəmələri tamam kəsilmişdi. Kainatın özü dərin yuxuya getmişdi.

Ana ilan bu zamanı gözləyirdi. O bütün ətrafı çox diqqətlə dinlədi,sonra həm hissiyat üzvləri ilə, həm də intuitive olaraq boz yurtun içini tam araşdırdı. Başa düşdü ki, onun balası burada yoxdu. Bu yaxşı hal deyildi. İlan balasının burada olmaması ana ilanı yaxşı olmayan fikirləri düşünməyə vadar edirdi. Bədəni bumbuz oldu. Gözləri hədəqəsində çıxacaq vəziyyətə gəlmişdi. Gözləri od tutub yanırdı. O yerindən tərpənməyə başladı.

Yanı üstündə yatmış Asılbek sinəsində bir xışıltı hiss etdi. Əli ilə yorğanın altından sinəsini yoxladı. Heç nə yox idi. Yenidən yanı üstə çevrilib yatmağa davam etdi.

-Hələ yatmamısan?-Sırqa qızını oyatmaqdan qorxaraq pıçıldadı.

-Yox

-Mən də. Nəsə ürəyim döyünür.

-Niyə?

-Bilmirəm…- Sırqa nəvazişlə ərinə sıxıldı,

-Yata bilmirəm…

Bu zaman ilan onların ətrafından sürünüb beşiyə yaxınlaşdı, hərəkətsiz dayanıb uşağın nəfəs almasını dinşəməyə başladı. İstədi uşağı çalsın, amma bunu etməyə ürəyi gəlmədi. Yenə də analıq hissi, ana ürəyi onun qisas hissinə məğlub oldu. Övladının əvəzinə qisas almaq istəyən ilan:” Bala itirməyin nə olduğunu qoy bilsinlər. Qoy içləri yansın. Mənim kimi fəryad etsinlər”… Birdən onun ağlına bir fikir gəldi və həmən geriyə döndü. Beşiyin yanında körpənin süd şüşəsi vardı. O şüşənin içinə zəhərini püskürdüb tökdü və bundan sonra sakitləşdi. Məhəbbətdən məst olmuş cütlüyə baxdı və Qızmonçoka da bir nəzər salıb gəldiyi yolla geri qayıtdı.

Dərddən yanıb yaxılan, ürəyi od tutub yanan ana ilan hönkürtüylə ağlayaraq yerə sıxılaraq gedirdi. O öz özünə and içib söz verdi ki, ürəyi sakitləşənə qədər insan nəslini sakit buraxmayacaq, daim onlardan intiqam alacaq!

Bu zaman çınqıllıqda daşın altında yatan bala ilan yerindən atlandı, anasının iyini hiss etdikdə bir qədər dik dayandı. Anasını tanıyanda sevinclə özünü onun üstünə saldı.

Eyni vaxtda Sırqa da balasının yanında idi. Qız nədənsə narahat idi. O əvvəlcə yarıyuxulu zıqqıldayırdı. Anası döşünü vermək istədikdə ağzını yana əydi,  götürmədi.Sırqa beşiyi yelləyərək layla çalmağa başladı:

-Canım balam, a lay-lay,

Körpə balam , a lay-lay.

-Varım dövlətim, körpə quzum,

Sənə qurban, özüm, gözüm.

Aa…Aa… A…Aa…Aa…A

 Körpə beşiyi heç bəyənmədi. Narahatlığı daha da artdı. Başını o tərəf bu tərəfə çevirərək daha da bərkdən ağlamağa başladı.

-Canım mənim, körpə quzum! Sənə nə oldu?-dedi və əyilib döşünü bir daha körpənin ağsına soxmağa çalışdı. Amma qız anasının döşünü indi qəti götürmədi. Bundan sonra ana ərini-Asılbeki oyatdı:

-Atası, oyan bir. Qızın harası isə ağrıyır, nədi?!  Onda belə şey olmamışdı… Süd verimmi,qızım mənim? – o həyəcanla ,təlaşla ətrafını əli ilə yoxlayaraq süd şüşəsini axtarmağa başladı. Uşaq da elə bil nəysə bir şey hiss etmiş kimi qışqırırdı.

                                                      ***

Elə bu vaxtda ana ilan oğlu ilə qarşılaşmışdı. Oğlu qəfildən sağ salamat onun qarşısına çıxmışdı. Oğlunu sağ salamat görən ananın gözləri hədəqəsindən çıxacaq dərəcədə böyüdü! Bala ilan isə anasına şırmanmağa başladı. O quyruğunu bulaya bulaya əqiq kimi gözləri ilə anasına elə mehriban baxırdı ki!.. Ana ilan az qala huşunu itirəcəkdi. Ana gözlərinə inana bilmirdi. Yerində tir kimi donub qalmışdı. Handan hana ana özünə gəldi və asta səslə fısıldadı:

-Ts-s-s-s! Ts-s-s-s!..-Bu fısıltı fitə də oxşayırdı, dərin nəfəs alıb köks ötürməyə də… Qəm, kədər dolu  bu ağır səs ananın ürəyinin lap dərinliklərindən gəlirdi.

Yalnız bundan sonra ona şəfqətlə baxan oğluna tərəf əyildi və balasına sarmaşdı. Ayın qaranlıqlardan süzülən işığı altında bala ananın gözündən süzülən şeh kimi iki damcı su gördü!..Təəcübləndi. Ağlamağın nə olduğunu bilməyən bala nə biləydi ki, sonralar o da ağlayacaq!.. İndi isə tezcə yadından çıxdı.

Ancaq xoş anlar çox sürmədi. Balasının körpə qoxusuna sərməst olan ilan birdən gərildi, oğlunu boynundan yerə atdı. Silkələndi və yurta-boz evə tərəf yerindən  ox kimi götürüldü. Anasının boynundan yerə düşən bala ilan da onun dalınca götürüldü. Anası ondan kifayət qədər aralansa da, o anasını təqib edir, ona çatmağa çalışırdı.

                                                  ***

Bu vaxtı yurtda-boz evdə çaxnaşma var idi. Uşaq rahat yatdığı yerdə birdən ağlamağa, kürlük etməyə başlamışdı. Valideynləri nə qədər onun ətrafında dolansalar da, başına fırlansalar da, yalvarsalar da qız sakitləşmirdi. Ağlamaqdan bütün tərə batmışdı. Asılbek lampanı yandırdı və lampanın işığında şüşəni tapıb xanımına uzatdı:

-Al yedir onu! Gör içirdə bilirsənmi?..

-Hə bu dəqiqə…

Sırqa nə qədr eləsə də Qızmonçok şüşədən südü içmədi. Başını inadla yana çevirərək ağzını qaçırırdı.- Əmmir!-Ana ağlamağa başladı. Çünki qız əvvəllər heç vaxt belə olmamışdı. Ona nəsə olmuşdu elə bil.-Aman Allah, neyləyim indi mən?! Canım, ürəyim, Qurban olum sənə, nooldu sənə?.. Sakit ol! Sevimcim mənim…Ay, ay,.. Asılke,  birdən onu cücü zad dişləyər, a? .-deyə ərinə müraciət etdi.

-Allah, sən özün saxla! Allahım ona dəymə!- Asılbek nədənsə ilan balasını xatırladı. O qızı qucağına götürüb var-gəl edə-edə onu sakitləşdirməyə çalışdı. Beynindəki bu fikri atmaq üçün özü özünə daxilən etiraz edərək yenə xanımına:

– Ona süd ver, süd içsə sakitləşəcək.-dedi. Bununla o fikirlərdən qurtulmaq istəyirdi.

Çarəsiz qalmış Sırqa əli ilə şüşəni axtardı və…önünə baxdıqda yerində donub qaldı. Onun şüşəyə uzanan əli göydə qaldı və bütün bədənini bir üşütmə, titrətmə bürüdü . O qeyri-ixtiyari qışqırdı:

-Aa-aa-aa-a!!!- səsi ətrafdakı sakitliyi alt üst etdi. Bu zaman artıq ilanın yarısı içəridə lap qadının yanında, qalan hissəsi isə çöldə idi. Onların nəzərləri bir birinə sataşdı. Onlara baxan Asılbek yerində donub qaldı. Bədənindən kəskin bir üşütmə keçdi və onu tər basdı.

Qara xallı iri bir ilan. Lampanın işığında onun qorxunc gözləri daha da dəhşətli görünürdü! Asılbek vəziyyəti dəyərləndirib tez özünü ələ aldı. O evin arxasında gördüyü ilan balasını xatırladı. Deməli yaxınlıqda onların yuvası vardı!

Qışqırdıqdan sonra Sırqanın dili tutuldu və sakitcə oturub ilana baxırdı. İlan isə gözünü ondan çəkmir yan baxışla Asılbekin hərəkətlərini izləyirdi. Asılbek ilanla insanın qarşılaşması haqqında anasından  çox şey eşitmişdi. O ilana baxaraq,gözünü belə qırpmadan az qala dodaqlarını belə tərpətmədən pıçıldadı:

-Sakit…

Yalnız bundan sonra Sırqa özünə gəldi və iniltisini dayandırdı. İlan da gərginlikdən azad olub bədənini boşaltdı. Həmişə insanlara haça dilini göstərdiyi kimi dilini bir neçə dəfə bayıra çıxardı:

-T-s-s-s…

Evə məzar sükutu çökdü. Hətta uşaq da ağlamağını kəsib balaca əllərini  açıb yumaraq “oyuncaq” götürürmüş kimi ilana tərəf uzadırdı. Onu tutmağa, ona toxunmağa cəhd edirdi. İlan hərəkətə gəldi və bir anda süd şüşəsinə sarıldı. Bütün ailə həyəcandan donub qalmışdı.

Sırqa bunun yuxu və ya reallıq olduğunu anlaya bilmirdi. Onun bədənini bütün tər basdı, özünü itirmiş halda yerə oturdu, artıq heç nə eşitmirdi. Necə olsa da Asılbek möhkəm dayandı, özünü itirmədi. O bu böyük ilanın hər hərəkətini izləyirdi. Kimin ağlına gələrdi ki, ilan gecə vaxtı evə girib hər şeyi alt-üst edər. Asılbek bunu kimdənsə eşitsəydi, inanmazdı!

Süd şüşəsinə dolanmış ilan başını bir az qabağa uzatdı, bu zaman şüşənin çatıltısı eşidildi və evdəkilər yerə şüşə qırıqları töküldüyünü gördülər. Şüşənin dibi bütövlüklə yerə düşdü, içindəki süd isə ilanın boynundan axaraq xalçaya hopdu. Yalnız bundan sonra o sakitləşdi, silkələnərək üstünə yapışmış şüşə qırıqlarını yerə tökdü və qapıya yaxınlaşdı. Bütün bunların ardından Asılbek qapıda anasının dalınca sürünən bala ilanı görəndə bildi ki, məsələ nə yerdədi: “ O məndən balasını vurduğum üçün qisas aldı”.

Bu müəmmalı hadisədən, ilanlar çıxıb gedəndən sonra onlar ikisi də, sakitcə oturmuşdular. Birdən Sırqa hıçqıraraq ağlamağa başladı. Asılbek bir qədər yüksək səslə:

-Sakit!

“Yenə nəsə ola bilər”?!- Sırqa düşündü və təlaşla ətrafına baxdı:

-Qızmonçok?!- deyə o qışqırdı və ayağa qalxdı..

Onun həyəcanını anlayan əri dilləndi:

-Ss-s

-Sakit! Oyadarsan!

Qızmonçok sakitcə yatırdı.

Ana və bala ilan isə qara buludlar kimi qəmli kədərli, sirli soraqlı dağlara tərəf hərəkət edirdilər.

                                                  ***

Qorxudan və üşütmədən Sırqanın dodaqları titrəyirdi. Asılbek qızı onun qucağına verib tülkü dərisindən olan kürkə bürüdü. Özü isə dizi üstdə oturaraq şüşənin parçalarını yığmağa başladı. Hər yeri yoxladı, hətta barmağını südün axdığı keçənin altına soxub oranı da yoxladı.” Bu nə tapmacadı? İlan bununla nə demək istəyirdi? “- bu və bu kimi suallar onun beyninə yağış kimi yağırdı. Amma heç bir cavab tapa bilmirdi. Bu nə demək idi? Burada nə ola bilərdi? İlanın qisas alması üçün süd şüşəsini zəhərləməsi, balasını diri tapdıqdan sonra bu sürünənlərin qayıdıb boz evə gəlməsi, zəhərli süd şüşəsini sındırıb zəhərli südü yerə tökməsi Yaradanla, ilandan başqa kimsəyə məlum deyildi.

Asılbek dəmir sobanı yandırdı. Quru budaqlar və quru peyin tez yanmağa başladı. Bir azdan soba guruldamağa başladı. Üstündəki çaydanlar tezcə qaynadı. Evdə həyat əvvəlki axarında davam etməyə başladı.

Ev sahibi -Asılbek qaynayan çaydandan isti çay süzüb xanımına uzatdı?

-Al,isti,isti iç…

Çay içib bir qədər qızışandan sonra Sırqa tam özünə gəldi. O dönüb ərinə:

-Asılbek gəl aşağıya ,arana enək?

Kişi cavab vermədi. O xanımının və qızının üstünü örtdü və onları beləcə yatızdırdı. Onlar tam yatandan sonra bayıra çıxdı.

Səma aydın idi. Hər tərəf sakitlik içərisində idi. Yalnız aşağıdan suyun səsi gəlirdi. Göydə ay və ulduzlar parıldayırdı. “Tezliklə səhər açılacaq” deyə təmiz havadan dərindən nəfəs aldı və beynindəki onu rahat buraxmayan suallara yenə də cavab axtarmaqda davam etdi. Asılbek: “ Bunlar qeyri-adi ilanlardı! Niyə onlar məhz mənim evimin ətrafında fırlanırlar. Görəsən nəsə bir səhv işmi tutmuşam, bu mənim günahlarımdımı? Mən nə etmişəm?!” Amma suallara cavab tapa bilmirdi. O uzun müddət çöldə gəzib yalnız ulduzlar sönəndə, dan yeri söküləndə evə qayıtdı. Sırqa hövlnak yerindən  sıçrayıb durdu. Gələnin Asılbek olduğunu görsə də, uzun müddət sakitləşə bilmədi. Sırqa bütün gecəni qızdırma içində keçirmişdi.

-Hə bu mənəm, mənəm!.. -Asılbek onu sinəsinə sıxaraq sakitləşdirdi. -Artıq qorxmağa dəyməz, onlar geri qayıtmayacaq. Getdilər…

Asılbekin xanımına yazığı gəldi, ürəyi ağrıdı. Kiçik zamanda o dəyişmişdi, çox qorxurdu. Asılbek onu uşaq kimi bürüyüb yenə də yatırtdı. Nədənsə qabdakı südü fikirləşdi. Yaxınlaşıb diqqətlə südə baxdı. Süd süd kimi ,üstündə qaymaqlı adi süd idi. Yenə də şübhələndi və qabı çıxarıb südün bir hissəsini yurtun ətrafında yerə tökdü. Bütün süd süzülənə qədər baxdı.  Qalanını isə quyruğunu bulayan köpəyin qabağına qoydu. Sahibinin səxavətindən təəccüblənən Kumayık arxa ayaqları üstündə oturaraq ona və qaba baxırdı. Asılbek köpəyə baxıb sakitləşdi.

                                              ***

 Sırqa yüxudan oyananda günəş artıq xeyli qalxmışdı. Onun bədəni çox zəifləmişdi, başını yerdən qaldıra bilmirdi. Ərinin qayğıkeş münasibətininin düşüncələri altında zəifləmiş olsa da, yatağı yığışdırdı. Birdən gözü nəyəsə sataşdı və qışqırdı:

-Asılbek?! Asıke, söz deyirəm,bura gəl!

Asılbek atın yüyənini dirəyə bağlayıb evə qaçdı:

-Nə olub? Nə baş verib?

– Gedək,Asıke?!

 O daha heç nə demədən ərinin biləyindən tutub astanadan çətinliklə keçdi və gecə şüşənin sındığı yeri ona göstərdi:

-Ora bax!- o qorxu ilə işarə etdi. Asılbek çoməlib sobanın qabağında uzanmış siçanı qamçısının ucu ilə arxası üstdə çevirdi. O siçanı atmaq üçün xəkəndaz gətirən xanımına:

-Atma!

-Niyə?-Sırqa təəcüblə soruşdu.

-Birdən zəhərli olar, itlər yeməsin deyə.

-Asıke?! Gəl, buradan köçək?!..

Asılbek yenə də susdu. Elə bil heç eşitmədi. Siçanı xəkəndaza qoyub çıxaranda dedi:

-Keçənin altındakı torpağı qazıyıb yaxşı təmizlə, qız ona dəyməsin.

Sırqa həmin gün uşağı yerə buraxmadı. Yalnız yatandan sonra onu ikiqat yorğanın üstünə qoyub keçə döşəməni çölə çıxardı. Dünən südün töküldüyü yeri  qazıyıb təmizlədi və yerinə təzə torpaq tökdü.

      Evdə bir siçan da vardı. Evdəkilər yatdıqdan sonra və ya çölə çıxanda bu siçan yemək axtarmaq üçün yuvasından çıxardı. Onun oynaq və daim qorxan gözləri vardı. Körpə gözləri kimi mehriban və saf idi. İlk vaxtlar o evdəkilərdən qorxurdu. Sonradan onlar bir birlərinə öyrəşdilər. Sırqa onun yuvasının qarşısına ona yem də qoyurdu. O da daha kisələri yırtmır və yorğan döşəyin içində gəzmirdi. Onun ağzı və parıldayan gözləri yuvadan görünən kimi Sırqa səslənirdi:

       -Ay qarınqulu, tənbəl, tüfeyli! Artıq gəlmisən? Gedib o çöllərdə özünə yem axtarsan?! Biz gedəndə bəs axırın necə olacaq?!- deyib əlini yelləyirdi.

         Yazıq siçan! İlanın qorxusundan həmişə astanada olan Sırqa indi siçanın ölümünə ağlayırdı. Nə qədər eləsə də özünü saxlaya bilmirdi. O bütün gecəni sayıqladı, və tez tez yerində sıçrayıb dururdu, hərarəti qalxmışdı.

Səhər tezdən Asılbek  atla aşağı endi və ara həkimi – şaman Bubu qarı ilə qayıtdı. Bubu qarı uç gün Sırqa ilə danışdı. Onun özü də üç gün Sırqa ilə bərabər tər tökdü. Ona dualar oxuyur, pis ruhları qovmaq üçün rituallar yerinə yetirirdi. Sifəti qızarır, bozarır, ağarırdı, gözləri kiçilib balacalaşırdı ,”suf-f!” deyə üfürürdü. Hər dəfə  ,”suf-f!” deyə üfürəndə onun ağ saçları bulud kimi yaylığının altından açılıb tökülürdü.

 Bu arada o əllərini yanına salıb hərəkətsiz oturdu, sonra yorğun halda yenidən başladı:

-Hə yaxın gəl, görüm!-o “bir dəri, bir sümük”  zərif, həm də güclü əlləriylə yenidən onu ürəkləndirdi. Arada balaca Qızmonçoka da dua oxudu.

-Allah sizi saxlayıb! -dedi, -qıza göz dəyib, çox pis göz dəyib! Amma ,baxın,Yaradanın gücünə baxın ki, ona heç nə olmayıb…

-Hansı bədnəzərdən danışırsan, apa? Biz caylooda-yaylaqda olan müddətdə onu yad adam, heş kim görməyib.

 Şaman gənc anaya narazı halda  çəpəki baxdı, yəni “ elə hesab edirsən ki, mən yalan danışıram?”

    -Uşağa göz dəyəndə nə təhərsə keçib gedir. Burada məsələ başqadı…- o göz qapaqlarını bağladı, bir xeyli yerində oturdu və sonra  yerində yellənərək :

-Bağışla, ey rəhimli Rəhman! -əllərini göyə açıb dedi-Əlsiz-ayaqsız o qara xallı ilanın bu uşaqda gözü var.

Ər-arvad ikisi də heyrətlə bir-birinə baxdılar.

-Hə apa, o ilan da tam eyni elə idi!-deyə Sırqa qışqırdı.

-İlan ikinci dəfə evinizə girib… İlk dəfə bu yerdə yatıb, -Şaman çəliklə Asılbekin yatdığı yerə vurdu. -Ocaq sönəndan sonra o beşiyə tərəf sürünüb. Asılbek , sən necəsə hiss etmisən?!

 Asılbek ayağa qalxdı:” Mən? Necə?..” Sonra o sinəsində nəyinsə xışıldadığını, əliylə yoxladığını, heç nə tapmadığını xatırladı.

-Yaxşı ki, bilməmisən. -onun fikrini oxuyan qarı dedi, – Bu rəhimli Rəhmanın ,Yaradanın köməyi deyilmi… Bundan sonra ilan nənniyə sürünüb, xeyli müddət  uşağa baxıb. Onda gözü dəyib…Onda uşaqlar dayanmadan ağlayır,çığırır,bağırır, sakitləşmir…- şaman gözlərini açmadan danışırdı. Elə bil öz gözləri ilə görmüşdü.

– Bəli!-sehrlənmiş cütlük cavab verdi.

-Yaxşı ki, ilan qayıdıb! Yoxsa bəd nəzər balacanı aparardı! Bunu dərk edən ilan bəd nəzərini geri götürüb.!..

– Apa, o bizdən nə istəyir?- deyə Asılbek səbirsizliklə soruşdu.

Apa daha danışmaq istəmirdi, ya da sadəcə yorulmuşdu:

– Oğul, mən qoca adamam, yoruldum! Üstəlik, mən Allah deyiləm! Yaradanın icazə verdiyindən artıq deyə bilmərəm! – söhbəti bitirdi.

Yalnız üçüncü gün Sırqa ayağa qalxdı. Sonra Bubu apa bunların üçünü də qarşısında oturtdu və qamçı ilə bir-bir onlara toxunaraq uzun müddət dualar oxudu. Sonra isə o, təsbehini barmaqlarının arasında  çevirərək, dodağının altında mızıldanaraq, gözlərini yumub oturduğu yerdə yelləndi. Balaca Qızmoncoq nə baş verdiyini anlayırdi.O sakitcə atasının qucağında oturub ,şəfa verənə-şamana baxırdı. Ər arvad bir birinə baxdılar. Baxışlar ” Başqa nə deyəcək?” deyirdi. Xeyli müddətdən sonra silkələndi və özünü toparlayıb dedi:

-Lə-iləhə illəllah Mühəmmədün Rəsulillah!- bu sözləri bir neçə dəfə təkrarladı.- Əstağfurullah, Əstağfurullah!- deyərək əllərini açdı. Qarşısında oturan üç nəfərə gözləri bağlı baxaraq dedi:

-Bu qıza vergi verilib,- çənəsi ilə qıza işarə etdi,- Onun müqəddəs himayədarları var…

 Bir müddətdən sonra qarı öz dünyasına keçdi və orada kiminləsə danışırdı:

 -O səni tərk etməyəcək… Getməyəcək!-Bundan sonra daha da yaxın olacaqsınız!.. Əstağfurullah! Gözlərim nə dəhşətli şeylər görür,ruhum nələr görür? Dəhşətdi bu!..

 Bubu susaraq diqqətlə səssizliyi dinşədi. Bir müddətdən sonra köksünü ötürərək dərindən nəfəs aldı:

-Ohhhhh!-və yorğun halda oturdu.

-Apa?!-Ürəyi sürətlə döyünən Sırqa səbirsizliklə souşdu.- Nə gördün,apa?!

 Dalğın-dağınıq Asılbek də u sualı öz-özünə verdi. Amma soruşmağa özünü saxladı.

 -Bilmirəm!-yaşlı qadın şübhə ilə cavab verdi.- Sevinc və ya kədər kimi görünmür! Nəsə inanılmaz bir şey!

 Şaman Bubu daha heç nə demədən ətəyini silkələyib yerindən durdu:

-Mən gedəcəyəm…

-Açığını de, apa?!- Sırqa onun qolundan tutdu.-Mənə de, apa?!

-Şş! Bu nə soruşur? Gənc sadəlövh qadın?! Mən Allaham?! Mən sadəcə insanlara rəğbət bəsləyən,onlara zərər vermədən yaxınlaşan onlardan xoşu gələn ilanlardan danışıram…

-Ah…-Sirqanın ürəyi sakitləşdi, o yerindən sıçradı və həkim-şamanın çiyninə gözəl bir paltar və çapan saldı, və onun çantasına bir neçə müxtəlif pay qoydu. -Apa,   bunları da uşaqlarınıza götürün.

 Şaman astanadan çıxanda nəsə xatırladı:

-Yeri gəlmişkən, indi bu surunənlərdən qorxmayın. İlanlardan sizə heç bir zərər gəlməz. Onlar sizin həm sevincli günlərinizdə, həm kədərli günlərinizdə sizinlə olmaq istəyirlər…Bunu hər adama deməyin, yaxşı olar ki, gizli saxlayasınız! – o əllərini açaraq xeyir-dua verdi:

 -Qüdrətli Yaradan sizi faciələrdən, xəstəliklərdən, batan şər, bəlalardan qorusun! Amiin!

 Asılbek onu bir madyana mindirib evinə apardı.

                                                  ***

 Sırqanın rəngi açılmışdı və tam həyata qayıtmışdı. Bundan sonra Asılbek sakitləşdi.

-Apa nə danışırdı?- Sırqa axşam yeməyində soruşdu.,- çox alicənab insandı…-Qocalıb daha, qocalıq onu yenib.

-Keçənlərdə deyirdi ki, ” Bu il doxsan yaşı tamam olur”. Hələ yaxşı ki, ayaqüstdə gəzir. Möhkəmdi! Sən isə bir ilana görə aləmi qatdın,hamını təşvişə saldın. Deyirəm vaxtından tez qocalmayasan-deyə Asılbek zarafat etdi.

 Sırqa gülə-gülə onun boynunu qucaqladı və:

 -Yaxşı görək! Bəsdi! Bu barədə nə qədər danışacaqsan?!

-Bəs deyil! Danışacağam! Yalandımı?..

 Onlar elə “söz güləşdirdikləri” yerdə də uzandılar. Onlar başa düşmürdülər ki, bu gündən etibarən inanılmaz bir hekayə başlanır…

 Qızmonçok arxası üstdə oynayaraq öz dilində nəsə danışıb gülürdü. Valideynləri isə sakit uzanmışdılar. İlan balası yurtun çubuqları arasından sürünüb yarıya qədər içəri daxil oldu və buradan balaca qız üçün oynamağa başladı. Qız ona tərəf iməkləməyə başladı. Beləliklə onların arasında məhrəmlik, yaxınlıq daha da artdı

   Bu demək olar ki, hər gün təkrar olunurdu.

 Qızmonçoq yavaş yavaş ilana öyrəşdi. O görünməyəndə dörd gözlə onu axtarırdı, yurtun ilan gələn deşiyinə yaxınlaşıb əyilib ora baxırdı. Uşaq nə bilirdi ki, ilan nədi?!..onu oyuncaq bilirdi.. Gözləri parıldayan, haçadilli oyuncaq…

Əvvəllər Asılbek və  Sırqa bunu görmürdülər. Sonradan artıq onlar da hərdən ilanı gördülər. Üstəlik Qızmonçoqun ilanla öz dilində bıdır-bıdır danışdığını ilana qarşı bir reaksiya verdiyini gördülər.  Bax indi onlar Bubu qarının sözlərinə inandılar. İnandılar ki, qarı qocalıqdan, ağlına gələni danışmırmış. Onlar da ilana öyrəşdilər, onun üçün darıxmağa başladılar. Onların müstəqim, dostcanlı, xeyirxah münasibətlərini hiss edən ilan balası da onların yanında olmağa başladı. Oynamaqdan yorulan Qızmonçok yuxuya gedəndə ilan balası da qıvrılaraq beşiyin yanında yuxuya gedirdi.

 Sırqa da artıq ona etibar etməyə başladı. Evdən çıxıb bir iş dalınca gedəndə uşağı tək nəzarətsiz buraxmaqdan qorxmurdu. Qapıdan çıxanda:

-Mən madyanları sağacağam, sən mənim qızıma yaxşı bax, oldumu?!-deyirdi. Belə desə də, ananın ürəyi qızının yanında idi.

                        (Davam edəcək )

Qırğız dilindən çevirən Elli Atayurd

1 thought on “Jıpar İsabayeva: SEVGİ CİLOVLANMAZ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir